📷  Fotoları çəkdiyim məkanlar: Tanzaniya, Uqanda

Bu da hamımızın tanıdığı Pumba! Afrikanın ən məşhur vəhşi donuzu. Sonuncu Uqanda səfərimdə onu ilk dəfə görən Rusiyalı turistlər sevincək necə «Pumba!!!» bağırdılarsa, yazıq şoka düşüb qoydu üstünə. Rusca adı «borodavoçnik»dir, yeri gəlmişkən. Bizdə ona «ziyilli donuz» desələr də, biz elə «Afrika qabanı» deyək. Belə daha urvatlı səslənir.

Donuzkimilər sinfinə aid olmasına baxmayaraq, donuzlardan çox fərqlənir.

🐽 Digər donuzlar kimi, bizim Afrika qabanımız da nə gəldi yeyir, amma di gəl ki, otsuz dolana bilmir. Elə yemək rasionlarının da əsas hissəsi otlardan ibarətdir.

🐽 Bir-birilərinə qarşı olduqca qayğı ilə yanaşırlar. Hətta təzəbəy statusu uğrunda həmdonuzları ilə qırğına çıxdıqları zaman öz təhlükəli silahları – ülgüc kimi iti dişlərindən istifadə etmirlər. Elə əlüstü kəllə-kəlləyə söhbəti bağlayırlar. Dişlərinin köməkliyi ilə isə hətta aslanı belə mat qoya bilirlər. Dişlərinin uzunluğu təqribən 30 sm olur. Amma özlərinə yaxşı baxsalar, hətta 60 smdək uzana bilirlər. Düzdür, bu, çox nadir hallarda olur.

🐽 Afrika qabanı yeganə donuzdur ki (yenə istər-istəməz bu sözü deməyə məcburuq), özünə yuva düzəldir və orada da yaşayır. Çox vaxt yuvanı sıfırdan yığmırlar, oxlu kirpi filanın yuvalarından istifadə edib bir balaca əl gəzdirirlər. Yuvalarına da dizi üstə arxa-arxaya daxil olurlar. Sifətlərini də yuvadan çölə çıxarıb yatırlar. Beləliklə də dişi qabanlar yuvadakı balalarını vəhşi heyvanlardan qorumuş olurlar. Ev-eşikləri də 3 metr uzunluğuna qədər olur. Balalarına da yer olsun deyə, dişilərdə daha artıq olur.

🐽 Hamiləlik dövrü 5 ay çəkir və ildə iki dəfə nəsil artırırlar. Adətən, 2-4 bala dünyaya gəlir. 3-4 aylığında balalar artıq sərbəst şəkildə özləri qidalanırlar. 1 yaşınadək anaları ilə yuvada qalırlar. 1,5-2 yaşlarında elçi düşəni kim, ərə gedəni kim…

🐽 Afrika qabanı donuzlar arasında ən sürətlə qaçandır: saatda 50 km. Düzdür, bu cür sürətlə uzun məsafə qət edə bilmir.

🐽 Həyatının çox hissəsini dizi üstə keçirirlər. Otlayanda da elə dizi üstə gedirlər. Afrikada yaşayan və miqrasiya etməyən azsaylı heyvanlardandırlar.

🐽 Bədənlərinin ölçüləri 145-190 sm, boyları 65-85 sm, çəkiləri də 50-150 kq olur. Sıx meşələr, səhralar istisna olmaqla, Afrika qabanları, demək olar ki, bütün Afrika ərazisində geniş yayılıblar. Dişilər balaları ilə kiçik sürü halında yaşayırlar. Erkəklər isə çox nadir hallarda sürüylə hərlənir, əsasən, təkbaşına dolanırlar.

🐽 Vəhşi təbiətdə 15 il, heyvanxana filanda 18 ilədək yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir