Fotoları çəkdiyim məkan: Entebbe (Uqanda)
 
Uqandada təhsil 3 yaşından başlayır. Hər trimestrin və ilin sonunda uşaqlar imtahan verirlər. İlin sonundakı yekun imtahanda kəsiri olanlar sinifdə qala bilər. Hətta 3 yaşlı uşaq da.
 
– Təhsil ili yanvarda başlayır. 3-6 yaşlarında «erkən məktəb»ə gedirlər. Bir suyu bizim uşaq bağçasına oxşayır və məcburi deyil. Yeri gəlmişkən, məcburi olmadığı üçün də hökumətdən heç bir dəstək, demək olar ki, almırlar. Bir balaca imkanlı valideynlər, bizdəki kimi, özəl müəllimlərə müraciət edir, onlar da 40-60 AVRO müqabilində uşaqlarla məşğul olurlar.
 
– 6 yaşdan məcburi «ibtidai məktəb» başlayır. Amma bu heç də o demək deyil ki, kimsə uşağını məktəbə aparmasa onu gəlib güclə aparacaqlar. Bu məktəbdə təhsil 7-illikdir.
Problem ondadır ki, «erkən»ə getməyib birbaşa «ibtidai»yə gələn uşaqlar, təbii ki, hırnan-zırı qanmır. Ona görə 1-ci, bəzi hallarda 2-ci sinifədək yenidən sıfırdan tədrisə başlayırlar.
 
– Daha sonra 2 hissədən ibarət olan «orta məktəb» gəlir: ümumi (4 il) və təkmilləşdirilmiş (2 il).
 
– Belə baxanda, «orta məktəb»də təhsil pulsuz və məcburidir. Amma valideynlərdən bu «pulsuz» təhsil üçün alınan pul (kitab pulu, yemək pulu və s.) gəlir çıxır minimum 10-50 ABŞ dollarınadək. Uqanda üçün bu heç də az məbləğ deyil (müqayisə üçün: «erkən məktəb»də müəllimin aylıq maaşı təqribən 30 ABŞ dollarıdır). Elə bu səbəbdən də «orta məktəb»ə keçən uşaqların sayı çox olmur.
 
– Oxumaq istəyənlərin sayı məktəb yerlərinin sayından qat-qat çoxdur. Sizin üçün yenilik olmasa da deyim ki, məktəbin statusu nə qədər yüksək olsa – ora düşmək bir o qədər çətin olur. «İbtidai məktəb»i bitirənlərin yarısından çoxunun «orta məktəb»də təhsilini davam etdirmək üçün imkanı olmur. 1997-ci ildə hökumətin xüsusi qərarı çıxır ki, hər ailədən 4 uşağın orta məktəbə getməsi üçün şərait yaradılsın. Yaradılır da. Bunun nəticəsində də şagirdlərin sayı 5,3 milyon nəfərə çatır. Bu da 1996-cı ilə nisbətən 2 dəfə, 1960-cı illərə nisbətən isə 8 dəfə çox idi.
 
– Ölkədə 73% kişilər və 48% qadınlar yazıb-pozmağı bacarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir