Çox adam Afrikaya gedəndə tinbaşı adamyeyənlərlə rastlaşmadığımı biləndə təəssüflənir ki: “Bunun day nəyi Afrika oldu?!”
Nə yalan deyim, yer üzündə kanniballar hələ də var. Amma onların menyusunun şərəfli hissəsi olmaq üçün adam gərək özü manyakcasına çalışsın. Çünki heç də tinbaşı rast gəlmək olmur onlara. Bəs hardadı o canıyanmışlar?
1. Cənub-Şərqi Papua-Yeni Qvineya
Korovai qəbiləsindən olanlar yaxın keçmişdə daha tez-tez kimisə tutub yeyirdilər. İndi də arabir, təbi gələndə. Müasir dövrümüzdəkilər yəqin anlayıblar ki, əlidolu gələn diri turistdən fayda daha çox ola bilər. Çay boyunca məskən salan korovailar yolun azmış, ya hər yerə burnunu soxan əcnəbini tutub desert menyularına əlavə edə bilərlər. İstəsələr ya spora dursalar. İsti insan beyni isə onlar üçün əsl delikates sayılır.
Niyə insan əti? Ağacdan yıxıldı, vəhşi heyvan parçaladı, başına fil düşdü öldü – bu kimi səbəblər korovailar üçün anlaşılandı. Amma vay o gündən ki, kimsə hər hansı xəstəlikdən ölə. Belə olanda dərd götürür onları ki, bu adam niyə durduğu yerdə ölsün ki? Həmən bir səbəb gəlir ağıllarına: qara magiyanın əməli! Bu insanı da sağ qalanlardan qorumaq üçün ne etmək lazımdır? Əlbəttə ki, basıb yemək.
Maraqlı fakt: 1961-ci ildə Nyu-Yorkun qubernatoru Nelson Rokfellerin oğlu Maykl Rokfeller qəbiləyə məxsus artefaktları yığarkən qəfil yoxa çıxıb. Hələ də meyiti tapılmayıb. Ehtimal ki, korovaiların bayram süfrəsinin bəzəyinə çevrilib.
2. Hindistan
Hindistanın şimalındakı aqhori sektasının üzvləri, sağ olsunlar, heç kimi məcbur tutub yemirlər. Öz xoşlarıyla daxili orqanlarını vəsiyyət etmiş könüllüləri ədəb-ərkanla yeyirlər. 2005-ci ildə Hindistan jurnalistləri xəbər tutublar ki, aqhorilər hətta Qanq çayındakı çürüməkdə olan meyitləri və krematoriylərdəki insan orqanlarını də yeyirlərmiş.
Niyə insan əti yeyirlər? Aqhorilərin fikrincə, bu, insan orqanizminin qocalmasının qarşısını alır.
Maraqlı fakt: insan sümükləri və kəlləsindən çox gözəl bəzək əşyaları düzəldirlər. Subaylara qismət.
3. Fici adası
Lap əvvəllər adı elə, belə pis çıxmasın, Kannibal adası idi. İndinin özünədək yerli əhali arasında dədə-baba adət-ənənəsini davam etdirənlər olur. Amma kimi gəldi yemirlər. Ancaq düşmən qəbiləsindən olanları.
Niyə insan əti yeyirlər? Qisas ritualıdır.
Maraqlı fakt: Ficidəki kanniballar elit kanniballardır. Adamı da adam kimi çəngəl-bıçaqla yeyirlər. Yediklərindən qalan əşyaları da kolleksiya kimi saxlayırlar. Pensilvaniyadakı Arxeologiya və Antropologiya muzeyində bu cür kolleksiya nümunələrinə rast gəlmək olar.
4. Braziliya
Braziliya sizdə karnaval, bikini, çimərliklərlə assosiasiya olunur, amma, görürsüz ki, tutub yeyilmə ehtimalınız da var. Vari qəbiləsi 1960-cı ilədək eksklüziv olaraq ancaq möminlərin meyitlərini yeyirdi. 1960-cı ildən sonra hansısa missionerlər qəbiləni, demək olar ki, tamamilə qırıblar. Amma buna baxmayaraq indinin özündə də oradakı yoxsulluq ucbatından hələ də kannibalizm faktları qeydə alınır.
Niyə insan əti yeyirlər? Yoxsulluq və aclıq ucbatından.
Maraqlı fakt: 2012-ci ildə aparılan sorğunun nəticələrinə görə, bir çox insanlar «filankəsi öldür və ye» kimi səslər eşidirlər. Ona görə də Braziliyada tanış olanda əvvəl bir soruşun görün eşidir ya eşitmir?
5. Qərbi Afrika
Aktiv kanniballar cəmiyyəti var, adı da «Leopard» (bəbir). Keçən əsrdən adam yemək havasına düşüblər. 80-cı illərədək Syerra-Leone, Liberiya, Kot-d’İvuar həndəvərlərində kannibalların yeyib-içmək yadıgarları olan insan qalıqları tapılırdı. Qəbilə üzvləri bəbir dərisindən geyimdə olur.
Niyə insan əti yeyirlər? İnsan ətinin onları daha güclü və cəld etdiklərinə inanırlar.
Maraqlı fakt: aktiv davamçıları da var. «Human Alligator» cəmiyyəti.
6. Kamboca
Jurnalist Nil Devis xəbər vermişdi ki, Kambocada kanniballıq 1960-1970-ci illərdə Cənub-Şərqi Asiyadakı müharibələr zamanı əl-ayaq açıb. Hal-hazırda çox nadir hallarda rast gəlinir.
Niyə insan əti yeyirlər və ya yeyirdilər? Kamboca ordusunda düşmən ciyərini yemək kimi ritual vardır.
Maraqlı fakt: «Qırmızı Kxmerlər» ölkədə bütün qida ilə bağlı məqamları nəzarət altında saxlayaraq bilərəkdən kütləvi aclıq halı yaratmışdılar.
7. Konqo
Konqoda kanniballıqla bağlı sonuncu fakt 2012-ci ildə qeydə alınıb. O vaxtdan yəqin tövbəlidirlər. Amma kanniballığın ən moda düşdüyü dövr 1998-2002-ci illər olub.
Niyə insan əti yeyirlər və ya, tərgidiblərsə, yeyirdilər? Səbəbi çox sadədir. Müharibə vaxtı üsyançılar hesab edirdilər ki, düşmənləri tutub yemək lazımdır. Əsasən də xüsusi ədvalarla hazırladıqları ürəklərini.
Maraqlı fakt: konqolular indi də əmindirlər ki, insan ürəyi orqanizmə xüsusi qüvvət verir və onu yeyəndən düşmənləri it kimi qorxur.Sizə xoş səyahətlər!
P.S. Fotodakı massailər adam yemirlər a. Onlar – qardaşdı!