Yaponiyada toy mərasimləri, adətən, yayda keçirilir. Amma oktyabr ayı da bu baxımdan xod gedəndi. Yapon təqvimlərində hətta bəzi günlər toy üçün xoşbəxt gün kimi qeydə də alınıb.
Müasir Yaponiyada avropasayağı toy mərasimləri də keçirilir. Amma mən bir az ənənəvi toylardan xəbərçilik etmək istərdim.
Ümumiyyətlə toy Yaponiyada insan həyatının təməlini qoyan hadisələrdən sayılır deyə ona elə anadan olandan hazırlaşmağa başlayırlar. Amma bu toy mərasiminin hay-haraylı ən aktiv fazasına toya yarım il qalmış başlanılır. Toya 2 ay qalmış dəvətnamələr paylanılır, özü də hər bir dəvətnamə almış qonaq toyda iştirakını mütləq yazılı formada təsdiq etməlidir. Hər iki tərəfdən toyda bir neçə yüz nəfər iştirak edə bilər. Bizdəki kimi.
Toyqabağı qız evi, oğlan evi nişan hədiyyələri ilə dəyiş-düyüş edirlər. Ən ləyaxlı hədiyyələr, əlbəttə ki, qıza çatır: brilliant daşlarla bəzədilmiş qızıl və ya platindən bahalı üzük, məsələn. Amma oğlan evi gəlinə bunu maddi imkanlarının ağız büzmədikləri halda edir. Yox, imkan başıaşağıdırsa, onda gəlini onun bürcünə uyğun daşdan ibarət üzüylə də yola verirlər. Gəlinə həm də müəyyən məbləğdə pul da hədiyyə edirlər. Məbləğ də nadir hallarda 80 min USD-dən aşağı olur. Bəyə də üzük hədiyyə edirlər, amma qat-qat ucuzundan. Yapon gəlini olmaq istədim…
Gəlin üçün əsl işgəncə onun gəlinlik libası (siro-maku) ilə bağlı olur. Birincisi, bu, kimonodur. İkincisi, bu, iki ədəd kimonodur. Ağ rəngdə olan 1-ci kimono xüsusi təlim keçmiş qadınlar tərəfindən gəlinə geyindirilir. Bu libas sintoist nikah mərasimi üçün nəzərdə tutulub.
Sonra bu ağ kimono rənglisi ilə əvəz olunur (adətən, qızılı naxışlarla bəzədilmiş qırmızı rəngli libas). Bu qiyafədə gəlinbacı toy banketinə yola düşür. Gəlinin saç düzümü (bunkinno takasimada) və makiyajı üzərində də əməllicə tər tökürlər. Gəlinin başındakı da «qısqanclıq buynuzlarını» gizlədə biləcək qədər hündür olmalıdır. Gəlinlik qiyafəsinin ümumi çəkisi 20 kiloqramadək olur. Bəyin kimonosu da babatdı və onu sonradan smokinqlə əvəz edə bilər.
Sintoist məbədində keçirilən ənənəvi nikah mərasiminə yalnız gəlinlə bəyin yaxınları buraxılır. Mərasim məbədin mehrabında iki kahin tərəfindən həyata keçirilir. Kahinlərdən biri kotoda (milli simli musiqi aləti) ifa edib mahnı oxuyur, digəri də eksklüziv bəzədilmiş əsa ilə şər qüvvələri qovur. Evlənənlər hərəsi fincandan 3 qurtum düyü arağı (sake) içir, ondan sonra da fincanı qohumlarına ötürür. Qədim yapon arfasının sədaları altında üzüklərlə dəyiş-düyüş edilir. Gəlin məbədə 1-ci daxil olur, məbəddən artıq abır-həya güdən həyat yoldaşı kimi ərindən sonra, hətta ondan bir qədər arxada çıxır.
Elə bu moment qəfil Avropa ənənələrinə sadiqlik də nümyaiş olunaraq gəlin hamımıza tanış ağ gəlinlik paltarına, bəy də smokinqə keçir. Bundan sonra məclisin həsrətlə gözlənilən anı gəlib çatır: yeyib-içmək. Stoldakı hər bir naz-nemətə dərin fəlsəfi məna qoyulur. Dəniz ilbizini, məsələn, stola mütləq iki balıqqulağında gətirib qoyurlar, çünki iki hissə birləşib bir vəhdət təşkil edir. Qırmızı rəngli omarlar da süfrədə yuxarı başda olur, çünki qırmızı rəng uğur rəmzidir. Bilin.
Toy mərasimi boyunca bəy-gəlin qonaqlardan hədiyyələri qəbul edib başların qatırlar. Ən yaxşı hədiyyə də… Tapın görək nədir? Düzdür. Pul! Bizdəki kimi: nağd və zərfin içində. Qonaqlardan gələn məbləğ adambaşına, adətən, 200-300 USD olur. Qohumların günü lap qara olur: 10 min USD-dək! Hədiyyənin məbləği və təqdim edənin adı xüsusi kitabçada qeyd edilir. onu da bizdən öyrəniblər, məncə. Müəyyən səbəbdən toyda iştirak edə bilməyənlərlər «mən ölüm, üzürlü say, rəhmətə gedən vardı, rayondaydım»la canlarını qurtara bilməzlər. Onlar da pulu bank köçürməsi ilə göndərirlər. Tədbirdə iştirak edən bütün qonaqlara kiçik suvenirlər təqdim olunur.
Toyun ssenarisi təyyarə uçuşu kimi tam dəqiqliklə tənzimlənir: qonaqlardan kim və nə vaxt çıxış edəcək, yeməklər nə vaxt gələcək, – hər bir şey dəqiqəsinədək öncədən yazılır. Bu reqlamentə riayət olunursa, deməli, toy mərasimi çox uğurlu keçib və təşkilatçı da bir xeylaq tərif atəşinə tutulur.
Yapon toylarının bizim toylardan fərqi ondadır ki, bəy-gəlin maşını bəzədilmir. Toyda heç kim oynamır, düşər-düşməzliyi olar Amma karaoke oxuya bilərlər o ki var. Ən qəribəsi isə – Yaponiyada VVAQ (ZAGS) yoxdur. Nikahı qeydiyyata almaq üçün yerli bələdiyyəyə müraciət edirlər, o da bal ayından qayıdandan sonra, belə əlüstü, dəm-dəsgahsız, nahar fasiləsində filanda. Özü də nikah haqqında şəhadətnamə sırf formal xarakteri daşıyır və hər hansı digər adi arayışdan fərqlənmir.
Yaponiyada kişilər üçün nikah yaşı 18, qadınlar üçünsə 16-dır. 20 yaşınadək cavanlar evlənmək fikrinə düşəndə mütləq valideynlərinin razılığı da olmalıdır. Nikaha girənlərin orta yaşı Yaponiyada qadınlarda 28, kişilərdə isə 30-32-dir.
Fotoları çəkdiyim məkan: Tokio (Yaponiya)