Bunları görən-görən elə gülür. A olmaz e belə. Bir marağlanın dərd-sərləri nədi, şadlığlarındanmı burunları bu viddədi, qarınları bu razmerdədi?..
Uzunburun meymun və ya kaxau ancaq Borneo adasında yaşayır. Yerli əhali onlara “monyet belanda”, yəni “holland meymunu” deyir, çünki, onların fikrincə, kaxaular kopiya holland müstəmləkəçilərinə bənzəyirlər: iri qırmızı burunlu və yekə qarınlı.
➖ Erkək fərdlərin çəkisi 24 kq, boyları 72 sm olur. Ayrıca olaraq 75 sm-lik quyruq sahibidirlər həm də. Burunları da, maşallah, göz qabağındadır. Dişilər daha xudmani (60 sm, 12 kq) olur. Elə burunları da.
➖ Adətən 1 erkək və bir xeylaq dişi fərddən ibarət hərəmxanalarda yaşayırlar. Bəzən amma ancaq subay erkəklərdən ibarət dəstələrdə də dolanırlar. Çörəkləri dizi üstə olan dişilər həyatı boyu bir neçə dəfə hərəmxananı dəyişib başqa erkəyin dəstəsinə pənah gətirə bilərlər. Erkək fərdlər 1-2 yaşında xatadan uzaq olsunlar deyə ev-eşiyi tərk edib subaylara qoşulurlar.
➖ Şirəsi az və kal meyvə, yarpaqlarla qidalanırlar. Qida həsrətiylə hər gün 2 km-dək məsafə qət edirlər.
➖ Həsəd aparılası üzgüçülük məharətləri var. Primatlar arasında onlardan yaxşı üzəni yoxdur. Suyun altında birnəfəsə 20 metrədək məsafə qət edə bilirlər. Əsasən, itlər kimi arxa ayaqlarının köməkliyi ilə üzürlər.
➖ Bir-biriləri ilə əndrabazi səslərlə ünsiyyət yaradırlar. Dəstədə həşir kulminasiya nöqtəsinə çatanda dəstəbaşı erkək özünəməxsus səslə hamını sakitləşdirir.
➖ Burunlarıyla bağlı çoxlu versiyalar var. Bəziləri iddia edir ki, iri burun suda üzərkən nəfəs almaq üçün xidmət edən turba rolunu oynayır. İddia edib sonra da özlərinə sual verirdilər ki, elədirsə, bəs niyə daha kiçik burunlu dişilər üzərkən batmırlar? Sonra dedilər iri burun bədən temperaturlarını tənzimləmək üçündür. Bu faktla bağlı da əsaslı arqument tapa bilməyib yenə mumladılar.
Yeganə inandırıcı versiya o oldu ki – erkəklərdə burun nə qədər böyük oldu, deməli, qonum-qonşu arasında bir o qədər hörmət, güc sahibidirlər. Dişi kaxaular da erkəkləri burunlarının ölçülərinə görə seçirlər. Həm də burnu yekə olan kaxaularıııın… səsləri də daha gur çıxır.
➖ Yaxşı, burunu guya başa düşdük. Bəs o boyda qarın nəyə lazım? Kaxauların mədələri çox böyük ölçüdədir. Çoxlu sayda bakteriyalar da qidanı fermentlışdirməyə xidmət edir. Bu bakteriyalar uzunburunlara iki vacib zadı şey edir:
1. onlar lifləri parçalayaraq kaxaulara yarpaqlardan enerji almaqlarına köməklik edir;
2. qidadakı bəzi zəhərli maddələri neytrallaşdırır. Bunun hesabına da uzunburun meymunlar digər heyvanları məhv edə bilən yarpaq və ya meyvələrlə də qidalana bilirlər.
➖ Başqa çoxsaylı primatlardan fərqli olaraq, kaxaular insanlarla dil tapa bilmirlər.
➖ Yaxşı şəraitdə 20 ilədək yaşaya bilərlər. Hal-hazırda adada 3000-dək kaxau qalıb və bu say, əfsuslar olsun ki, durmadan azalır.