Yer üzündə ən böyük kərtənkələ sayılan Komodo varanının çıxdığı oyunlardan xəbəriniz var?
Dünyaya bala gətirmək üçün dişi fərd erkək varan filan hərləməyə bilir. Təəbi gələndə özü elə erkəksiz də balalayır. Partenogenez deyirlər buna. Arılarda-filanda da olur belə şey. İndi cubbulu arıları birtəhər başa düşmək olar. Bu çəkisi 68-73 kq (erkəklərdə – 79-91 kq), boy-buxunu 2,3 m (erkəklərdə – 2,6 m, hətta 3 m) olan Komodo varanının axı harasına yaraşır oturduğu yerdə beyninə düşəndə hamilə qalmaq? Başa düşdük də bunlarda məhz dişi fərd həm dişi, həm də erkək xromosomlarının daşıyıcısı olur. Bəs belə hallar olanda bu nətəər kişini inandırır ki, “ürəyinə başqa şey gəlməsin, vallah-billah oturduğum yerdə partenogenezlənmişəm”?
Nəysə e. Deyəcəm, yenə pinqvinlərə qatıb gözümçıxdıya salacaqsız bunları da.
İndoneziyanın Komodo, Rinça, Flores və Gili-Motaq adalarında yaşayırlar hal-hazırda. Amma əsli-nəcabətləri Avstraliyadandır. İlk dəfə Komodo varanlarını alimlər 1910-cu ildə Yava adasında görüblər. Quraqlıq düzənlik və tropik meşələlərdə, savannalarda yaşamağa üstünlük verən bu varanlar sübh tezdən, bir də günorta vaxtlarında aktiv olurlar. Qalan vaxtları 1-5 metr uzunluğunda yuvalarında evdarlıq edirlər.
Yöndəmsiz görünsələr də saatda 20 km sürətlə qaçırlar. 11 kilometrlik məsafədən leş ya qan qoxusunu hiss edə bilirlər. Bundan başqa eşitmə, görmə qabiliyyətlərindən də şikayətləri yoxdur (300 metr məsfədən şikarı görürlər). Menyularına tərpənən nə varsa – hamısı daxildir: vəhşi qaban, maral, at, Asiya su kəllərindən tutmuş adicə cırcıramayacan. Öz həmvaranlarına da xor baxanları olur.
Yaxin vaxtlaradək elə bilirdilər ki, varan şikarını selikli qişasındakı çoxsaylı bakteriyalar sayəsində öldürür. Amma 2009-cu ildə bəlli oldu ki, bu “ölüm kokteylindən” əlavə həm də alt çənəsində zəhər vəziləri də var. Zəhərə tuş gəlmiş qurbanlarında qan dövranı 6-5 vurur, təzyiqi düşür, əzələ iflicinə məruz qalır. Bonus kimi də hipotermiya da özünü yetirir. Bütün bunların nəticəsində bir qədər sonra dişləm sahibi ya şoka düşür, ya da halsızlaşıb qalır. Bu müddət ərzində də Komodo varanı qurbanının dalıyca düşüb onun tam halsızlaşacağı məqamı gözləyir. Arada möhkəm quyruqları ilə də vurub şikarı öldürə bilirlər. Yeri gəlmişkən, quyruqları cütləşmə dövründə də istifadə olunur: onlardan dirək kimi istifadə edib şərikini fikrindən dönməyə məcbur edirlər (fotodakı kimi). Ayda 1 dəfə yeyirlər, amma nuşi canlığla!
Komodo varanlarının əcdadları 5-10 milyon il əvvəl Avstraliyada peyda olublar. O vaxt ölçüləri 5-7 metr, çəkiləri də 650-700 kq olub. Adı da Megalania prisca (şərhdə rəsmi var). Ölçülərinə fikir verməsən görürsən ki, vid-fasonları heç də o vaxtdan dəyişməyib. Yer üzündə nə vaxtsa yaşayan ən böyük zəhərli varlıq sayılırlar.
Dişi varan 7-8 ay analıq vəzifəsini yerinə yetirərək 30-dək yumurta qoruyur. Amma Allah kəssin belə qorumağı. Bala yumurtadan çıxan kimi instinktiv qonşuluqdakı ağacların başına dırmaşıb gizlənir ki, amma anam görməsin, çünki tutub yeyə bilər. Böyüklərin yemək süfrəsinə də qabırğa olmaq üçün ağacdan düşüb şikarın ən pis qoxuyan hissəsinə sürtülürlər ki, böyük varanların iştahasını küsdürüb bu biçarələri də basıb yeməsinlər.
30 ilədək yaşayırlar. 1980-ci ildən Komodo Milli Parkında dövlət səviyyəsində qorunmağa başlanıblar.