Bir var “alın yazısı”, bir də var “ayı yazısı”. Vəhşi təbiət aşiqi məşhur yapon fotoqrafı Mitio Xosino (fotoda) 2-ci yazının badına gedib.

Tox ağ ayı nadir hallarda insana hücum edir. Bəxtiparlaq Mitio Alyaskada olanda məhz ac vaxtına düşüb ayının. Ayı buna hücum edəndə fotoqraf qoyub üstünə nəyi var, qaça-qaça da nəzir deyib ki, sağ qalsa ayı seyrangahına dizi üstə gedəcək. Birtəhər çatdırıb özünü avtomobilinə və çıxıb aradan. Maşını işə salınca ayı avtomobilin qapısını qoparmağa belə macal tapıb.

1996-cı ildə həmin Mitio fikirləşib ki: “Basa-basa Alyaskaya getmək baha başa gələcək, fərqi nədi e, durum gedim qonur ayı seyrangahına, nəziri saxlamazlar”. Qonur ayıların Kamçatkadakı ağuşuna pənah gətirib. Elə təzəcə dizlərini yerə atmışdı ki, tutub yeyib onu qonur ayı.

Ağ ayı ən böyük vəhşi heyvanlardan sayılır. Çəkisi 700 kq, bədəninin uzunluğu 3 metrədək olur. Bu ölçüdə kadyak növünə mənsub qonur ayı da olur. Yeri gəlmişkən, saatda 40 km sürətlə qaçırlar.

Eşitməmiş olmazsız, ağ ayıların üzgüçülük məharətləri dillər əzbəridir. Saatda 10 km sürətlə üzürlər. 9 gün ərzində fasiləsiz 687 km üzən dişi ağ ayı qlobal istilik ucbatından bu boyda məsafəni qət etmək məcburiyətində qalıb. Nəhayət buzlağa çatdıqda çəkisi 48 kq azalmış ayı 1 yaşlı balasını da itirir. Belə uzaq məsafənin öhdəsindən gəlmək balaca üçün mümkünsüz olub.

Bir neçə kilometrlik məsafədən və ya buzun 1 metrlik dərinliyindən şikarının qoxusunu duyub onu süfrəsinin bəzəyinə çevirən yaşlı ağ ayılar, adətən, suitilərin yüksək kalorili dərisi və dərialtı piyi ilə, nisbətən cavan fərdlər isə onların zülalla zəngin qırmızı əti ilə qidalanırlar.

İri fərdlər təkbaşına yaşamağa üstünlük verirlər. Amma, alimlərin dediyinə görə, arada böyük erkək fərdlər arasında dost-qardaşyana münasibətlər də ola bilər. Bunun nəticəsində də bir yerdə vaxt keçirib tullanıb-düşə bilərlər.

Buzların azaldığı payız aylarında analıq məzuniyyətinə çıxmış dişi ağ ayılar qarın içində özlərinə 1-3 kameralı sığınacaq qazırlar. Ev-eşik hazır olanda o, qış yuxusuna bənzər bir hala düşür. Fasiləsiz yuxuya getmirlər, amma ürək döyüntüləri dəqiqədə 46-27-dək azalır. Başqa qış yuxusuna gedən heyvanlardan fərqli olaraq, ağ ayılarda bu müddət ərzində bədən temperaturları da dəyişmir. Təqribən noyabrdan fevral ayınadək çəkiləri 1 kq-dək olan balalar doğulur. Onlar fevralın ortalarına və ya aprel ayınadək sığınacaqda anaları ilə qalırlar.

25-30 il yaşaya bilirlıər. Dünya üzrə ağ ayıların sayı 20-25 min fərdədəkdir. Bu rəqəm getdikcə azalır. Bu da iqlimin dəyişməsi, buzlaqların azalması ilə əlaqədardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir