– Salam,doxtur. Mən, belə pis çıxmasın, Avstraliya Maluridae quşuyam. Böyüklərdən də üzr istəyirəm, ərimdəm şikayətçiyəm.
Dəqiqəbaşı həkimə qaçır. Şantaj eliyir məni ki, guya spermatozoidləri azdı, guya uşaq olmayacaq. Elə də minnətnən deyir, elə bil cehiz kimi bir banka spermatozoid gətirməliydim buna ata evimdən. Bir dəfə eləmədim tənbəllik, analiz verəndə xəlvətcə özüm bir-bir oturub saydım: düz səkkiz milyard spermatozoid çıxdı ortaya! Səkkiz milyard e! Azdı ki bu? Amma kişi özü də inanıb, məni də inandırmağa çalışır ki, faciəvi durumdu, ölən günümüzdü.
– Ərin gop basır. Daha doğrusu, “həkimə gedirəm” adıyla kənarda sülənir. Avstraliya Maluridae quşu onsuz da elə-belə quş deyil. Kənar münasibətlərdə bir adları iki olub. Elə bil ilahidən növ olaraq bu fason dizayn olunublar.
– İndi hər dəfə bu həkimə gedəndə düşüm dalıyca güdüm onu?
– Otur öyrədim sənə. Birincisi, sən elə özün də fərli başlı quş deyilsən. İkincisi, ərivin həkim adıyla görüşə getdiyini bilmək çox asandır. Görüşə o, əliboş, daha doğrusu dimdiyiboş getmir. Dimdiyində çəhrayı bir ləçək götürür. Niyə çəhrayı? Çünki yanaqlarındakı lələkləri şişirdəndə ümumi görünüş çox gözəgəlimli olur. Estetik xəyanətdi bu, ay bacı!
Yəqin indi fikirləşirsən ki, ovuc boyda quşun səkkiz milyard spermatozoid nəyinə lazımdı? İnsanlarda orta hesabla 180 milyon olur. Bu quş isə bir dənə balaca yumurta üçün səkkiz milyard istehsal edir. Məntiq var?
– Allah haqqı, yoxdu. Özü də ovuc boyda niyə? Mənimçün dağ boydadı!
– Məntiq var! Prosto bir az dolaşıqdı. Ümumiyyətlə spermatozoid sayı yumurtaya çatmağın nə qədər çətin olmasından asılıdı. Məsələn, sən ağac olsaydın, tozcuq istehsalın tozlanma üsulundan asılı olardı.
– Ağac düşmənim olsun!
– Məsələmçün də. Amma iş intim haqq-hesaba gələndə vəziyyət bir az dəyişir.
Balıqlarda, məsələn, görüşürlər, amma belə əlüstü. Kürünü elə dənizə vızılladırlar. Ona görə spermatozoid sayı da az-çox yumurta qədər olur. Amma quşlarda, məməlilərdə, yəni “işə ciddi yanaşanlarda”, tamam başqa vəziyyətdi.
Ən çox spermatozoid istehsal edən erkəklər o növlərdir ki, dişiləri erkəklərlə intim münasibətdə buraxırlar özlərini.
– İndi də mən oldum küçə quşu?!
– Oldun niyə? Elə əvvəlcədən idin. Özü də gücnən özümü toplayıb elmi cümlələrlə danışıram, fikrimi dağıtma, onsuz da əsəbiyəm əlindən. Deməli, bunun iki səbəbi var. Birincisi, biologiyada buna “sperma rəqabəti” deyirlər. Yəni müxtəlif erkəklərin spermatozoidləri yumurta uğrunda yarışır. Lotereya kimidi: nə qədər çox bilet alsan, udmaq şansın bir o qədər çoxdur. Genetika da bunu görüb deyir: “Sağol səni!” və zamanla bütün populyasiyada spermatozoid sayı artır.
Əslində ideal vəziyyət o olardı ki, erkək hər yumurta üçün dəqiq lazım olan qədər spermatozoid istehsal eləsin. Amma bu xoşbəxtlik çox az kişiyə qismət olur. Məsələn, bəxtiqara dəniz atları. Onlarda dişi yumurtanı erkəyin bədənindəki xüsusi kameraya qoyur. Heç bir rəqabət zad yoxdu. Ona görə də spermatozoid sayı gülməli dərəcədə azdır.
İkinci səbəb isə daha dramatikdi. Spermanın böyük hissəsi yolun əvvəlində məhv olur. Dişi orqanizmi, nədənsə, spermatozoidləri qucaq açıb qarşılamaq əvəzinə, sanki müharibə elan edir. Məhv edir, çıxarır, parçalayır. Və indi qayıdaq sənin ərinə.
Siz ailə qurursuz, bala böyüdürsüz, amma sağda-solda sevgi münasibətlərini də normal sayırsız. Elə hallar olur ki, yuvadakı balaların heç biri “rəsmi ər”dən olmur.
– Mən qələt eliyərəm!
– Elə eliyirsən də. Siz prosto sperması dizi üstə olan nankorlarsız. Ərivin səkkiz milyardı da sağlamlıq problemi deyil. Bu, əxlaqsız həyat tərzivizin nəticəsidir. Di get indi.
