Xalxın uşağları heç şirlə pələngi ayıra bilmir bir-birindən. O ki qalmışdı bəbirlə (leopard) yaquarı. Deyim necə ayırmaq olar onları?
🔹 Xarici görünüş
• Bəbir: “Slim-fit” modeldi: zərif, incə quruluşlu, uzun bədənli. Əsasən belə olur. Hərçənd mənim Pantanalda gördüyüm 9 yaquardan biri tam bir hallıca qarınlı day-day vidində idi.
• Yaquar: “Bodybuilder”: əzələli, iri gövdəli, başı daha iri.
🔹 Ləkələr (naxışlar)
• Bəbir: Kürəyindəki qara ləkələrin içi boş olur.
• Yaquar: Həmin ləkələrin içində də qara nöqtələr var.
🔹 Güc
• Bəbir: Həddindən artıq ninja kimi çevikdi. Boğduğu şikarını götürüb ağaca çıxır ki, heç kəs əl vura bilməsin.
• Yaquar: Boğub eləmir. Oxot var?! Güclü çənəsi, dişləri hesabına elə birbaşa şikarın kəlləsini deşir. Tısbağanın çanağını da sındırandan day nə gözləyəsən?!
🔹 Məkan
• Bəbir: Afrikadan Hindistanacan – hər yerdə gəzir, dolaşır. Çətin gözə sataşan ulduzlardandı.
• Yaquar: Amerikada yaşayır. Amazon meşələrində. Onu görmək üçün 2 gün çayla üzmüşdük, məsələn.
🔹 Xasiyyət
• Bəbir: Daha hiyləgərdi, səssizdi. Gəldi, gördü, işini gördü, getdi söhbəti.
• Yaquar: Hozu, amma ürəklidi. Tank kimidi. Düz qabaqdan, yuxarıdan, yandan – hardan desən gəlir.
İndi deyin görüm fotolardakılardan hansı hansıdı?


