Albatroskimilər ailəsinin bir nümayəndəsi var. Vidi babatdı. Amma adı tam təbiətinə uyğundur: boz baş albatros.
Postamentə oxşar yuva qururlar bircəcik övladları üçün. Dimdiklərini bir-birilərinə toxundurmaqla övladlarına nəvazişlərini bildirir, “Qorxma! Mamayla papa həmişə arxanda dağ kimi dayanıblar” deyib uşağı arxayın eləyirlər.
Övlad da gennənib əyləşir yerində, valideynləri də uçub gedirlər bazarlığa ki, kasıbın olanından tapıb gətirsinlər uşaq üçün. Bunlar uçandan sonra bala albatros ikiəlli yapışır yuvadan və başlayır onları gözləməyə. Niyə ikiəlli yapışdığını bir azdan biləcəksiz.
Ətraf da külək, soyuq. Bala yazığı hərdən şaxta vurur, o da ölür. Amma eləsi də olur ki, əsən güclü külək vurur salır yuvadan yerə. Tragikomediya da bundan sonra başlayır.
Ata, ya da ana qayıdır yuvaya. Görür a, yuva boşdu. Başa düşmür ki, bu, hara oldu. Uşaq da düz yuvanın altında yerdə əl qatıb özünə ki, ay pa, kor qalasan, burdayam e! Ata baxır ona, amma gözləri yenə orda-burda axtarır uşağı, ümumiyyətlə başa düşmür ki, bu nətər olur, əliylə qoyduğu yerində yoxdu…
Ata az qalır yerdəki balasından soruşa ki, bağışlayın, bəlkə uşağımı görmüş olasız? İş orasındadır ki, bir çox quşlar, məsələn, pinqvinlər, minlərlə bala arasında öz övladlarını səslərindən tanıyırlar, digərləri qoxularından və s. Bu boz başsa bala ancaq yuvada olanda onu tanıyır, qəbul edir. Yuvadan 1 addım kənara düşən övladına isə yoldankeçən it-qurd kimi baxır. Biçarə bala ona görə ikiəlli yapışmışdı evin oboylarından.
Bala boz başın bəxti onda gətirir ki, birtəhər yenidən yuvaya çıxır. Dədəsi, ya anasının köməyi olmadan. Olmadan deyəndə ki, heç kömək etmək fikrində də olmurlar. Bəzən əksinə onlar mane də olurlar ki, sənin başınçün elə, bura bizim uşağın yeridi.
Yuvaya çıxan kimi valideynlərinin sevinci yerə-göyə sığmır ki, ay bala, boz baş da belə iş tutar? Səhərdən ürək-göbəyimizi yemişik ki, görəsən bu hara oldu. Ay lələyi tökülmüş, çıxanda heç olmasa bir zapiska yaz qoy da ki, filan yerdəyəm.
Mat-məəttəl qalmış bala bir istəyir açsın gül ağzını, sonra “lənət şeytana” deyib dinməz keçir yerinə, gözləri başlayır yol çəkməyə…

