Benqal pələngləri əsrlər boyu insan övladından zülm çəkiblər. Ovlayırdılar yazıqları nəyi var. Hətta kraliça Yelizaveta II üzü aynnan bəri basa-basa durub gəlirdi ki, pələng ovunda iştirak etsin. Adamlar dəri və sümüklərinə görə gözümçıxdıya salmışdılar onları. Hesab edirdilər ki, sümükləri əzələlərin möhkəmlənməsinə, ümumiyyətlə bədəndəki ağrıların azalmasına kömək edir. Çinlilər elə indi də belə hesab edirlər.
Qıra-qıra saylarını 75% azaltdılar. 1955-ci ildə isə dinə-imana gəldilər. Başladılar onları qorumağa. Pələngi ovlamaq qanunla qadağan olunub artıq. Amma “Qırmızı kitab”da hələ də yer alıblar. Ona görə Ranthambore Milli Parkında 2 gün axtardıq onu, gözümüzə dəymədi. 3-cü gün isə qonaqpərvərliyini xoddayıb özünü bizə göstərdi.
Səsi 3 km məsafədən gəlir. 180-250 kiloluq erkəklər, 110-180 kiloluq dişilər 95-115 sm boy sahibidirlər. Uzunluqları (quyruqla) 3.3. m (erkəklər) və 2.9 m (dişilər) olur. 5 m hündürlüyə, 8-10 m uzunluğa tullanırlar. Sürətləri də 60 km/saatadək.
Qısamüddətli evlilik üçün erkək həmişə dişigilin ərazisinə gəlir. Dişini-dişinə qıcayıb 20-80 gün onunla birgə popkorn yeyib, kinoya baxır. Kinonu day əzbərləyəndən sonra bezib başlayırlar övlad ərsəyə gətirməyə. Bu da 3-7 gün davam edir. Bundan sonra erkək “Gəlləm” deyib həmişəlik qayıdır ata ocağına. Dişi də “Qanına bələn” deyib həyatına davam edir. 98-110 gündən sonra görür ki, nəsə analığa namizəddir. 2-4 bala dünyaya gətirib 1,5-3 il onlarla bərabər olur. Sonra da ürəyi qısılır, “basın day bayıra” deyib balaları buraxır sərbəst həyatın ağuşuna.

