Buna ad fikirləşməkçün də özlərini heç əziyyətə salmayıblar.
Deməli, uzaq 1780-ci ildə fransız təbiətşünası P.Sonner Madaqaskarda olanda gözü bir əndrabazi heyvana sataşıb. Tutub gətirib yerlilərə göstərib ki, “siz Allah, bu nə olan şeydi, mənə də deyin”. Yerlilərin də, sən demə, heç özlərinin də xəbəri yox idi bu zaddan, görən kimi “ay-ay” bağırıb həşirə düşüblər ki “bu nədi gətirmisən?!” Sonner də deyib: “Çox sağolun. Elə innən sonra bunun adı oldu ay-ay”. Ən azından Sonneratın özünün danışdığı versiya belədir. İlk elmi təsvir və rəsmini isə o, 1782-ci ildə nəşr edib.

Özü nə sincabdır, nə də gəmirici. Lemurdur. Primatdır. Yəni zooloji baxımdan meymunlarla, lemurlarla eyni böyük dəstədədir.

Ay-aya baxanda adama elə gəlir ki, ona 3-4 dəqiqə əvvəl elektrik stulunda işgəncə veriblər: pırtlamış gözləri, keçəlvari başı, belində vız vuran tükləri, əyri barmağları… Nə ki rüsvayçılıqlar var – ana təbiət, sağ olsun, bundan əsirgəməyib. Xəcalət çəkə-çəkə kişi kimi 20 ildən çox yaşayır amma. Yeri gəlmişkən, ancaq Madaqaskar adasında yaşayır.

Gündüzlər yatır, gecələrsə iri gözlərini bekar qoymayıb ova çıxır. Özü də dünyanın ən böyük gecə primatı sayılır. Çəkisi 2,5-4,8 kq, bədəni 36-44 sm, quyruğu isə yarım metrdən çox. Dişləri də gəmiricilərdəki kimi həmişə böyüyür. Ay-ayı başqa heyvanlardan fərqləndirən həm də uzun orta barmağıdır. Sanki onu da sonradan gətirib əkiblər əlinə: tüksüz, uzun, quru çubuğdu elə bil. Çörək ağacıdı amma o çubuq!

Petlə kimi əyib ağacları tıqqıldadıb həşərat axtarır. Kiçicik səsi də hiss edirlər. Nəsə iştahaçan bir şeyin olduğuna əmin olandan sonra dişləriylə ağacın həmin yerini gəmirib dəlik açır və o çörək ağacını həmin yerə dürtüşdürüb ərazini barmağıyla skan edir. Həşərata ilişincə cəld caynağını işə salıb onu dəlikdən çıxarıb nuş edir.

Giləmeyvə, meyvəylə də arası sazdı. Suyu da bu barmağın köməkliyiylə içir: Uzun barmağını mayeyə batırıb sürətlə ağzına apararaq içə bilir. Yəni barmaq burada bir növ mini çömçə/qaşıq rolunu oynayır.
Dişi fərdlərdə hamiləlik dövrü 5,5-6 ay çəkir. Özü də 2-3 ildə bir dəfə. Bala 7 ayadək ana südüylə qidalanır. Sonra da 1-2 yaşınadək anasının yanında qalır.

Kədərlidir, amma aye-ayenin vəziyyəti yaxşı deyil. Meşələrin qırılması, yaşayış yerlərinin kənd təsərrüfatına verilməsi, plantasiyalarda ziyanverici sayılıb öldürülməsi, üstəlik bəzi yerlərdə “bədbəxtlik gətirir” inancı yazığın başına bəla olub. İndi dəqiq neçə aye-aye qaldığını heç kim bilmir. Amma IUCN onu nəsli kəsilmək təhlükəsində olan növ sayır və sayının azalmaqda olduğunu bildirir.