Adamın Yazığı gəlir bu kök lorilərə (slow loris). Şirinlikləri başlarına bəla olub. Məncə, dünyadakı ən şirin heyvanlardan ən bədbəxtidirlər…

Zahiri görünüşlərinə görə onları evdə saxlamaq istəyənlərin sayı çoxdur. Əsasən də fors xatirinə onlara göz dikən xanımlar. Amma bu, məhz Cənubi və Cənub-Şərqi Asiyanın tropik və subtropik meşələrində yaşayıb yaratmaq üçün dünyaya gəlmiş bir heyvandır.

Lorilər Yer üzündəki azsaylı zəhərli məməlilərdən olub, həm də yeganə zəhərli primatdır. Hər kəs də bilmir ki, elə bu səbəbdən də satmamışdan əvvəl lorinin dişlərini keyidici dərmansız-filansız çıxarırlar. Bu da insan övladının oyuncağına çevrilmək üçün yazığın başına gətirilən ilk işgəncədir. Niyə ilk? Çünki lorini ev şəraitində düzgün saxlamaq çox çətindir. Bu barədə bir az sonra.

Lorilər elmi ədəbiyyatda hələ XVIII əsrdən təsvir edilmişdi. 1812-ci ildə fransız zooloqu Etyen Joffrua Sent-İler onları Nycticebus adlı ayrıca cinsdə təsnif edib. Yəqin lorilərin ən posledniy söyüş-qarğış yiyəsidir o. Onun ucbatından günləri-güzaranları yoxdur.
Bədənləri növündən asılı olaraq 18-38 sm olur, çəkiləri də 2 kq-dək, ən kiçiyinin isə – 250 qramadək.

İnsanların onun başına açdıqları oyun azmış kimi, hələ bir adıyla da mırtlaşıblar. “loeris” holland dilindən tərcümədə “təlxək” deməkdir. Gözlərinin ətrafındakı maskayabənzər tünd halqalarla əlaqələndirildiyi düşünülür
Günün çox hissəsini ağaclarda keçirirlər. Gündüzlər yatır, gecələr aktiv həyata başlayırlar.

Ağac qətranı, meyvə, gül nektarı, quş yumurtaları, həşərat və hörümçəklərlə mədələrini aldadan lorilər arabir cubbulu quş və gəmirici də yeyirlər. Özü də ağacda başıaşağı sallanıb yeməyi xoşlayırlar.

Bayaq qeyd etdiyim kimi, əsas marağlı zadı onun zəhərli olmasıdır. Zəhəri də dirsəyindəki xüsusi vəzlər ifraz edir. Lorilər vəhşi heyvanlardan və parazitlərdən qorunmaq üçün həmin bu zəhəri həm özünün, həm də balalarının baş-gözünə çəkib oturur. Zəhər həm də lorilərin ağız nahiyəsində, dişlərində də qala bilər ki, bu da onun dişdəmini təhlükəli edir.

“Elə də təhlükəli deyil” deyib barmağınızı ona uzatmayın. Bəzən dişləmə yalnız güclü ağrı və şişlə nəticələnə bilər, amma bəzi insanlarda ağır anafilaktik şok yaradır. Yəni bu şirin sifətin arxasında təcili tibbi yardım tələb edən çox ciddi silah gizlənir.
Belə özlüyündə zəhərin ifraz olunması çox qəribədir bu lorilərdə. Dirsəydə də zəhər vəzisi olar?

Loriləri narahat edəndə biçarə həyəcanlanaraq başını aşağı salıb qollarını yuxarı qaldıraraq şəffaf, pis qoxulu zəhərin axmasına şərait yaradır. Bundan sonra da onu boyun-başına sürtüb ona təcavüz edənin iştahının küsməsinə çalışır.
Lorinin Bir videosu var. O videoya bütün dünyada insanlar tamaşa edib bəh-bəh edirdilər. Amma anlamırdılar ki, lorinin qollarını o cür yuxarı qaldırması kiminsə onun qarnını qaşımaqdan yaranan xoşhallıq deyil – qorxu-həyəcandandır.

Hamiləlikləri növündən asılı olaraq təxminən altı ay çəkir. Adətən bir, bəzən iki balaları olur. Balaya əsasən ana qulluq edir. Atanın ailə həyatında iştirakı isə növdən-növə dəyişir: bəzisi ailənin yanında qalır, bəzisi də doğuş xəbərini eşidən kimi təcili Rusyətə komandirovkaya gedir.

Lorilərin satışına bir çox ölkələrdə rəsmi qadağa var. Amma brakonyerlər buna məhəl qoymurlar. Ev şəraitində lorilərin xasiyyəti də dəyişir, çünki təbiətdə onların alışdığı şəraiti insan övladı heç cürə evdə təşkil edə bilmir. Buna görə də yazıq heyvan şəkər xəstəliyinə tutula bilər, piylənməyə məruz qala bilər, böyrək çatışmamazlığından əziyyət çəkə bilər. Nəticədə də bu cür lorilər vaxtından əvvəl məhv olub gedirlər…