Yaponiyada meymunların öz SPA mərkəzi var. Amma maraqlısı budur ki, hamısı ora girə bilmir. Bəzilərinin isti suda kef eləmək imkanı var, digərləri isə soyuqda qalır. Niyə? Çünki meymunların da öz sosial qaydaları var!
Bu meymunların adı Yapon əntəridir. İngiliscə Japanese macaque, elmi adı isə Macaca fuscata.
Onlara qar meymunu, yəni snow monkey də deyirlər.
Bu heyvanlar Yaponiyanın müxtəlif bölgələrində yaşayırlar və dünyanın ən şimalda təbii şəraitdə yaşayan qeyri-insan primatlarından sayılırlar.
Qışda yaşadıqları bəzi ərazilərdə temperatur mənfi 10, hətta mənfi 15 dərəcəyə düşə bilir.
Amma bu əntərlər soyuğa yaxşı uyğunlaşıblar. Qışda tükləri daha sıx və qalın olur. Üstəlik, bir-birlərinə sığınıb isinirlər.

Bəs onda isti suya niyə girirlər?
Rəvayətə görə, bir yapon əntəri qaynar bulaq həndəvərində qoz-fındıq yığanda təsadüfən ayağı sürüşüb düşüb bulağa. Elə təzəcə “Yandım, ana!” qışqırmağa hazırlaşırdı ki, qəfil səsini kəsib. Bulağın ilıq suyu ləzzət edib ona. O biri əntərlər təəccübləniblər ki, bu niyə “Kömey eliyün də, alə!” zad qışqırmır? Üzündəki feyziyab ifadəsindən söhbəti tutub atıblar özlərini onun yanına. Odur-budur yapon əntərləri yaşadıqları şimali Yaponiya ərazisindəki soyuqlu-şaxtalı hava şəraitində bir balaca əsməcə hiss edən kimi qrup halında həmin bu isti bulaqlarda vanna qəbul edərək qızınırlar. Əntərlərimiz həm qızınırlar bu bulaqlarda, həm xəzlərindəki parazitlərdən qurtulurlar, həm də bir-birləri ilə qeybətləşirlər elə sudaca. Arada elə yeməyi də bulaqda yeyirlər.
Amma iş ondadır ki, bu davranış bütün Yapon əntərlərinə xas deyil.
İndi sizə bir sual: görəsən, bu meymunlar isti suya sadəcə kef üçün girirlər, yoxsa bunun elmi izahı var?

2018-ci ildə aparılan tədqiqat göstərib ki, isti suda çimmək əntərlərdə soyuqla bağlı fizioloji stressin azalmasına kömək edə bilər.
Başqa sözlə, bu, sadəcə əyləncə deyil. İsti su onların soyuq havanın təsirindən qorunmasına da kömək edir.
Amma burada bir maraqlı məqam da var.
Meymunların hamısı eyni dərəcədə isti su həvəskarı deyil.
Bəziləri tez-tez çimir, bəziləri isə ümumiyyətlə suya girmir.
Üstəlik, əntərlərin cəmiyyətində ciddi sosial iyerarxiya mövcuddur.

Yüksək rütbəli dişilərin isti sudan istifadə etmək baxımından üstünlüyü ola bilər. Aşağı rütbəli meymunlar isə bəzən dominant fərdlərə yol verməli olurlar.
Bir də bunların isti suda oturarkən sifətlərinə fikir verin.
Gözlərini yumurlar, başlarını arxaya verirlər, elə bil bütün dərdlərini unudublar.
Amma burada bir şeyi dəqiqləşdirək: onların insan kimi meditasiya etdiyini demək olmaz. Sadəcə, isti suda rahatlanmış vəziyyətdə görünürlər.
Bəs sifətləti niyə qırmızıdır?

Yapon əntərlərinin üzündə tüklər azdır və dəri təbii olaraq çəhrayı-qırmızı rəngdədir. Bu rəng xüsusilə yetkin fərdlərdə nəzərə çarpır.
İsti suyun təsirindən qan damarları genişləndiyi üçün üzləri daha qırmızı görünə bilər.
Və nəhayət, ən maraqlı suallardan biri: bunlar isti sudan çıxanda donmurlar?
Axı yaş tüklə şaxtaya çıxmaq heç də xoş deyil.
Əslində, yaş tük soyuqda istilik itkisini artıra bilər. Ona görə də isti suda çimməyin müəyyən mənfi tərəfləri də var.
Lakin əntərlər qış şəraitinə uyğunlaşmış heyvanlardır və isti sudan istifadə onlara soyuq havada müvəqqəti isinmək imkanı verir.
Qadınlı-kişili birləşib 20-25 fərddən ibarət sürü halında yaşayırlar ki, ona da sürünün lideri rəhbərlik edir. Amma bütün işləri onun müavini həyata keçirir. Rəhbərə nəsə olsa, müavini həmən onun yerinə keçib sürünü yiyəsiz qoymur. Rəhbər – ən iriqabaritlilərdən olur, 80-95 sm boy-buxunlu, 12-14 kq çəkili. Dişilər 1,5 dəfə daha xudmani olur.
180 gün olur hamiləlik dövrləri. 500 qramlıq bircəcik bala dünyaya gəlir. Uzun müddət bala anadan ayrılmır, valideynlərinin hər ikisinin qayğısını görür.
30 ildən çox yaşamırlar.
Bir sözlə, qalın xəzləri bəs eləməyib bunlara, isti vannanı da kəşf ediblər sonradan.
Deyəsən, Yapon əntərləri həyatdan zövq almağın yolunu bizdən yaxşı bilirlər!


