Ən cubbulu primat: cırtdan oynağan

Bu da primatlardan ən cubbulusu – cırtdan oynağan (və ya barmaq meymunu).

Cənubi Amerikada – Amazon həndəvərində yaşayan bu motuş o qədər kiçikdir ki, insan barmağında rahatca məskən sala bilər. Bədənlərinin ölçüsü 10-16 sm + 15-30 sm-likdə quyruq. Çəkiləri də cəmisi 90-160 qram.

Digər primatlar kimi, bizimki də ağac şirələri, meyvə, giləmeyvə, kiçik həşərat və hörümçəklərdən yana sino gedir. Bütün bu naz-nemətləri ağacların üst qatlarında, iri və ağırçəkili heyvanların qədəm qoya bilmədikləri hündürlüklərdə tapıb yeyir.

Alfa-erkək meymunbaşının başına dolanıb onun təşkil etdiyi 4-15 fərddən ibarət dəstədə cəmləşirlər. Özü də dəstədə müxtəlif yaşlı qonum-qonşu birlikdə firavan ömür sürürlər. Burada qaydalarına ciddi riayət olunan böyük-kiçik söhbətinə çox güclü fikir verilir. Dəstədə həm bir sözü iki olunmayan alfa-erkək, həm “gəlib səni cıraram” ruhlu hökmlü dişilər, həm də kiçik ranq sahibli meymuncığazlar vardır.
Yeri gəlmişkən, müxtəlif dəstələr arasında tez-tez qan tökülən razborkalar olur. Əsasən, ərazi üstə.

Əslində, monoqamdırlar. Amma müşahidələr göstərir ki – bir o qədər də yox. Həm dişilər, həm erkəklər arabir sağda-solda “şuluqluq” da edirlər.

Hamiləlik dövrü 5 aydır. Hərəsi 15 qramlıq 2-3 övlad sahibi olan ana meymun periodik körpələrini ora-bura vızılladır, guya yadından çıxıb qalıblar. Bu moment klandakı bütün üzvlər həmin balaların qayğısına qalırlar. Amma 6 həftəlikdən körpələri ata meymun öz üstündə gəzdirir və yalnız qidalanmaq üçün analarına təhvil verir. Erkəklər çox vaxt xalxın uşağını da üstlərində gəzdirirlər.

18 aydan sonra körpələr artıq özləri ana/ata olmağa hazır olurlar.

Öz təbii areallarında 5-8 il yaşayırlar. Heyvanxana və ya ev şəraitində isə – 11 ilədək.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir