Lobsteri (omarı) gözümüzə təpəndə onun həyat və yaradıcılığı ilə də bir balaca maraqlanmalıyıq. Çünki onun orqanizmi bizdən, ümumiyyətlə bir çox canlılardan fərqlənir.
Məsələn, tapın görüm lobsterin beyni harda yerləşir? Beyni yoxdu ki. Onun əvəzinə çoxsaylı sinir düyünləri var. Ən böyüyü də qida borusunun altındadı. Demək olar ki, lobsterin beyni onun boğazındadı.
Dişləri ağzındadı? Yox. Mədəsindədi. Özü də əməllicə 3 qat dəyirmandı. Qidanı udandan sonra bu “dəyirmanın” sayəsində onu çeynəyir.
Ürəyi də kürəyində. Yarışəffaf kisə formasında.
Sidik kisəsi lap yolunu azıb. Gəlib çıxıb başına. Ümumiyyətlə ifrazat orqanları üz hissəsindədi. WC-yə getmək üçün gözlərinin altındakı dəliklərdən istifadə eləyirlər.
Qidanın dadına baxmaq üçün təkcə ağzından istifadə eləmir. Qısa ayaqlarında, hətta “antennalarında” da var bu qabiliyyəti. Yeməyin üstünə çıxanda, məsələn, artıq onun dadından xəbər tutur.
Mədəaltı vəzisiylə ciyəri baş və sinə hissəsindədi. Qurmanların ürəyi gedir onlar üçün, amma onlar toksik ola bilərlər, əsasən də lobster çirkli suda yaşayıbsa.
Qəribəlikləri bununla bitmir. Dəmir və mislə zəngin olan qanı mavi rəngdədir. Mis oksigenlə qarışanda mavi rəng alır. Oksigensiz və ya orqanizmdən kənarda isə qanı su kimi şəffaf olur.
Lobsterlər qocalmaq da bilmirlər. Telomeraza adlı fermentin sayəsində DNT (DNK)-larını bərpa edirlər. Yaşlandıqca taqətdən düşmürlər, əksinə od parçasına çevrilirilib, daha da iri, güclü, nəsil artırmaq üçün aktiv olurlar.
Qəşəng sual verə bilərsiz ki, bəs niyə ölürlər? Çanaqlarının ölçüsü çox böyük olanda dilxor olurlar, onu dəyişməyə çoxlu enerji sərf edirlər. Ona görə bezib fikirləşirlər ki, elə ölsək yaxşıdı, canımız qurtarar.
Və sonda sizə xoş xəbərim var. Bir ətək pul töküb lobsteri bahalı restoranlarda fors verə-verə yeyib fotosunu İnstagramda paylaşanda bilin ki, XVİİİ-XİX əsrlərdə lobsterlər Amerikada “dəniz tarakanları” adlanırdı. Onları türmədəki məhbuslara, qulluqçulara yedirdirdilər. Arada gübrə kimi də istifadə olunurdu. Hətta qanunla məhbuslara həftə ərzində 2 dəfədən artıq lobster vermək qadağan olunurdu, çünki bu, onlara qarşı qəddar rəftar kimi qiymətləndirilirdi.
Hə, bir də, bəziləri deyir e, lobsteri bişirəndə qışqırır. Qışqırmır, onun səs telləri yoxdu. Eşidilən fit səsi də çanağının altındakı istinin təsirindən çıxan havadı.
