Düz divara dırmaşan dağ keçisi

Arabir qarşınıza çıxır e düz divara dırmaşan keçilərin fotoları – onlar Alp dağ keçisi və ya ibeksdir.

Bir ara onların sayları kritik həddə çatmışdı: cəmi 100-cə fərd. Bir ara deyəndə ki, 19-cu əsrin əvvəllərində. Olan-qalanı da İtaliyanın şimalında yığılmışdı. Yox, qayadan yıxılıb tələf olmurdular. O vaxt insanlar fikirləşirdilər ki, bu keçilərin sümük və buynuzları nəyə desən dərmandır. Elə bu səbəbdən də var gücləriylə ovlayırdılar onları. Həmin o moment İtaliya kralı Viktor-Emmanuil II pis üzünü camaata göstərib və tapşırıb ki, innən sonra bu keçilərə xor baxan elə bilsin ki, liçnı məni söyüb. Götürüb onları şəxsi nəzarətinə, qoruqda yerləşdirib. Sayəsində indi sayları 30-40 min fərddir. Hal-hazırda İtaliya, İsveçrə, Fransa, Avstriya, Almaniya, Sloveniyanın dəniz səviyyəsindən 3500 metr hündürlüklərində Viktora rəhmət oxuyurlar bu ibekslər.

Bu cür düzünə daş-divarlara bir insan övladı dırmaşa bilər, bir də çəkisi 100 kiloyadək olan ibekslər. Erkək fərdin buynuzu 1 metrədək uzunluqda olur. Dişilərdə isə lap cubbulu.

Uzun məsafəyə çox sürətlə qaça bilmirlər. Əvəzində düz divara dırmaşıb düşməni peşman edirlər. Haçalanmış, çox hərəkətli və geniş açıla bilən dırnaqları sayəsində daşın-qayanın üzərindəki cüzi bir çıxıntıdan da məharətlə yapışıb hərəkət edirlər.

10-20 fərddən ibarət kiçik sürülərdə yaşayırlar.

5-6 aylıq hamiləlik dövründən sonra 1, nadir hallarda 2 bala dünyaya gətirirlər. Balacalar da elə ilk günlərdən ibeksliklərinə salıb düz divara dırmaşa bilirlər. 1 ilədək analarıyla qoşa gəzirlər.

İtaliyada böyük su anbarına yapışıb qalan (foto) ibekslər barədə müşahidəçilər deyirlər ki, onlar sürüylə su anbarının divarlarındakı duzu yalamaq üçün çıxırlar. Başqa su anbarları da var. Amma, nədənsə, ancaq bunu bəyəniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir