Amerika və Asiyanın tən ortasında Azor adaları

Şəxsən mənim üçün bəyəndiyim 2-3 Avropa ölkəsindən biridir Portuqaliya.

Avropada yeganə ölkədir ki, sərhədləri 1139-cu ildən dəyişmir.

Vaxtilə cubbulu Portuqaliya Amerikadan ta Asiyayadək ərazisinə görə özündən qat-qat iri torpaqları müstəmləkəsi altında saxlayıb. Onu da eləməzdi e yəqin, sadəcə böyründəki İspaniya krallıqları bu biçarə Portuqaliyaya nə Avropaya tərəf irəliləməyə imkan verib, nə də ümumiyyətlə quru vasitəsilə nəsə qaz vurub qazan doldurmağa. Bu da əlimyandıda qalıb başlayıb dəniz yoluyla hərəkət eləməyə.

Çox əraziləri ya ayaqüstü yerbəyer edib, ya da təsadüfən. Məsələn, 1500-cü ildə guya Hindistana yiyə durmaq üçün gedən Pedru Kabralın işi nəsə düz gətirməyib, kompası gəmisini yoldan çıxarıb gətirib çıxarıb Braziliya torpaqlarına. Bu da “kasıbın olanından, min bərəkət!” deyib Hindistan əvəzi Braziliyanı Portuqaliya imperiyasının bir hissəsi elan edib. Amma arzusu ürəyində qalmasın deyə sonradan Hindistana da baş çəkib, yolüstü Madaqaskarı da tapıb dünyaya təhvil verib, Çinlə ticarət əlaqələrini düz-qoş edib. Çin də sağ olsun, 1557-ci ildə “sən canı, gəlmişkən bu Makaomuzu da icarəyə götür” deyə ədəb-ərkanla portuqallara müraciət edib. Onlar da ta 1999-cu ilədək çinlilərin xətirlərinə dəyməyib Makaodan vacib ticarət limanı kimi istifadə ediblər. Yeri gəlmişkən, məhz Makao Avropanın Asiyadakı həm ilk, həm də sonuncu koloniyası olub.

İllər keçib, zaman dəyişib və nəticədə Portuqaliyanın cəmi 2 kənar, muxtar region statuslu ərazisi qalıb: Madeyra və Azor adaları.

Amerika ilə Avropa arasında, Atlantik okeanının tən ortasında yerləşən Azor adalarına (fotolar) getməyimə səbəb orada heç bir əyləncə məkanının olmaması oldu. Əsl baş götürüb təbiətlə cütləşməli yerdir. İdeal sakit, gözəl təbiətli bir arxipelaq. Delfin, balinaların miqrasiya yolu da düz bu adaların həndəvərindən keçir.

Bu arxipelaqın San-Migel adasında oldum. Cəmisi 137 min əhalisi var. 1493-cü ildə Xristofor Kolumbun özü Amerikadan qayıdanbaş ayaqüstü bu adaya da dəymişdi.

Adada demək olar ki, bütün göllər sönmüş vulkan kraterlərində yaranıb. Ada özü də başdan-ayağa qortenziya gülləri ilə dolu idi. Özü də rəngbərəngindən.

Çox uzaqdı deyə turistləri cəlb etmək üçün hər şey də ucuz.

Yolunuz düşsə ayaqüstü siz də dəyin.

————————————-
https://www.instagram.com/aliakbarphotography

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir