Planetin bu ağır çağında denən dünya-aləm vecinədi bunların? Baxın, ibrət götürün. Adı – Pygathrix nemaeus. AMEA koronavirusa qarşı peyvəndi icad edəndən sonra bunun adını da Azərbaycan dilinə tərcümə edəsidi.
Vid-fasonlarına görə arada bunlara “bayram paş-paltarlı meymun” da deyirlər. Rəng çalarlarına görə isə tovuz quşunu ötüb keçməklərinə də az qalıb.
Cənub-Şərqi Asiyanın yerli primatlarıdırlar. Ev-eşik üçün yer seçməkdə kaprizləri yoxdu. Müxtəlif şəraitli ətraf mühitə tez bir zamanda öyrəşirlər. Həm dağətəyi yerlərdə, həm də 2000 metrdən çox hündürlükdə eyni komfortla yaşayırlar.
Həm dişilərin, həm də erkəklərin ölçüləri eyni olur: 55-61 sm. Amma erkəklərin quyruqları daha uzun olur – 60-74 sm (dişilərdə – 60 sm-dək). Çəkilərində bir az fərq var amma: erkəklər 11-12,5 kq, dişilər 8,2-8,9 kq.
Bir neçə dişi və 1-2 erkəkdən ibarət 5-15 fərdli qrup şəklində yaşayırlar. Bir yerdən başqa yerə yürüş edəndə dəstənin əvvəlində həmişə yaşlı erkəklər olur. Gənclər dəstənin arxasında vəziyyəti nəzarət altında saxlayır, dişi və körpələr də təhlükəsiz mərkəz hissədə olurlar.
Belə hayıl-mayıl olmalarına baxmayın. Təhlükə hiss edincə bir neçə saniyə ərzində 6 metr məsafəyədək tullanıb 2 ayağı üstə düşürlər. Özü də yerə düşəndə cüzi səs belə çıxarmırlar.
Qonum-qonşuların “nə vaxt tərpənirsən?” sualından bezən bu meymunlar fevral-iyun aylarında gedirlər öz yarlarına yiyə durmağa. Evlənməyə hazır olduqlarını da qabağa verilmiş çənələri, aşağı-yuxarı hərəkət edən qaşları və başlarını yellədərək bildirirlər. Dişi də görür ki, day erkək şilküt elədi özünü, razılıq elaməti sayılan ilk hərəkətini edir: budağa başını əyərək çiyninin üzərindən ona yaxınlaşan təzəbyə baxır. Bu baxışı tutan erkək də artistliyini kənara qoyub sakitləşir və gəlib təzəgəlinə yiyə durur. Gözütox Pygathrix nemaeuslar iki ildə 1 dəfə cütləşirlər. Hamiləlik dövrləri də 165-190 gün çəkir. Bir, nadir hallarda iki övlada sahib olurlar.
“Qırmızı Kitab”dadırlar. 25 ilədək yaşayırlar.