Adı Qırmızıbaldır duk meymunudur. Necə niyə? Çünki baldır hissəsi al-qırmızı rəngdədi.
Vid-fasonlarına görə arada bunlara “bayram paş-paltarlı meymun” da deyirlər. Rəng çalarlarına görə isə tovuz quşunu ötüb keçməklərinə də az qalıb.
Cənub-Şərqi Asiyanın yerli primatlarıdırlar. Yalnız ilkin və ya ikinci dərəcəli tropik yağış meşələrində yaşaya bilirlər; yaşayış sahələrinin parçalanmasına və mühit dəyişikliyinə qarşı çox həssasdırlar.

Həm dişilərin, həm də erkəklərin ölçüləri eyni olur: 55-61 sm. Amma erkəklərin quyruqları daha uzun olur – 60-74 sm (dişilərdə – 48-55 sm-dək). Çəkilərində bir az fərq var amma: erkəklər 8-11 kq, dişilər 6-9 kq.
Bir neçə dişi və 1-2 erkəkdən ibarət 5-15 fərdli qrup şəklində yaşayırlar. Bir yerdən başqa yerə yürüş edəndə dəstənin əvvəlində həmişə yaşlı erkəklər olur. Gənclər dəstənin arxasında vəziyyəti nəzarət altında saxlayır, dişi və körpələr də təhlükəsiz mərkəz hissədə olurlar.
Belə hayıl-mayıl olmalarına baxmayın. Təhlükə hiss edincə bir neçə saniyə ərzində 6 metr məsafəyədək tullanıb 2 ayağı üstə düşürlər. Özü də yerə düşəndə cüzi səs belə çıxarmırlar.

Mədələrindəki fermentasiya prosesinə görə tərkibində təmiz şəkər olan meyvələri (məsələn, şirin banan) həzm edə bilmirlər. Şəkər mədələrində həddindən artıq qaz əmələ gətirir və bu, onlar üçün ölümcül ola bilər. Əsasən gənc yarpaqlar, qönçələr və yetişməmiş meyvələrlə qidalanırlar. Demək olar ki, heç vaxt yerə düşüb su içmirlər. Orqanizmləri üçün lazım olan bütün mayeni yedikləri təzə yarpaqlardan və üzərlərindəki şeh damcılarından alırlar.
Qohum-qonşuların “nə vaxt tərpənirsən?” sualından bezən bu meymunlar fevral-iyun aylarında gedirlər öz yarlarına yiyə durmağa. Evlənməyə hazır olduqlarını da qabağa verilmiş çənələriylə, aşağı-yuxarı hərəkət edən qaşları və başlarını yellədərək bildirirlər. Dişi də görür ki, day erkək şilküt elədi özünü, razılıq elaməti sayılan ilk hərəkətini edir: budağa başını əyərək çiyninin üzərindən ona yaxınlaşan təzəbyə baxır. Bu baxışı tutan erkək də artistliyini kənara qoyub sakitləşir və gəlib təzəgəlinə yiyə durur. Gözütox qırmızıbaldır bir yarım-iki ildə 1 dəfə cütləşirlər. Hamiləlik dövrləri də 165-190 gün çəkir. Bir, nadir hallarda iki övlada sahib olurlar.
“Qırmızı Kitab”dadırlar. Bu növün sayının kəskin azalmasının əsas tarixi səbəblərindən biri 1960-70-ci illərdə Vyetnam müharibəsi zamanı ABŞ ordusunun meşələrə səpdiyi “Agent Orange” kənd təsərrüfatı kimyəvisi və bombardmanlar nəticəsində yaşayış mühitlərinin kütləvi məhv edilməsi olub. 25 ilədək yaşayırlar.

