Bilirsiz də, quşların da dili olur. Ünsiyyət vasitəsini demirəm. Bədən orqanı dil. Amma bunun yoxudu. Kivi quşunun. Öz dərdi özünə azmış kimi, ana təbiət o vaxt bunu yaradanda “Heç uça da bilməyəcəysən” deyib quşu mat qoyub. Gedəndə əlüstü “quyruğun da olmayacaq” deyib düzəlib yola təbiət.
Biçarə kivi “Ürəyivi boşaltdınsa – icazə verirsən indi yaşayam?” deyəndə tonu ana təbiətə bir təhər gəlib, qayıdıb qanadının da əvəzinə cubbulu (5 sm) rudiment fason bir şey yapışdırıb gedib. Gözüyaşlı kivi ürəyində “Allah bəlavı versin” deyəndə bir də görüb ki, burun dəlikləri də bütün quşlardakı kimi dimdiyin üst tərəfində deyil, lap aşağısındadır. Bu dəfə kivi mumlayıb.
5 növü var onun. Beşi də Yeni Zelandiyada yaşayır. 1,4-4 kiloqramlıq canlarının 1/3 hissəsi möhkəm ayaqlarının payına düşür. Meyvə kivi ilə heç bir əlaqələri yoxdur. Sadəcə çıxardıqları “ki-vi” səsinə görə çox da götür-qoy etməyib adlarını elə kivi qoyublar.
Tükləri daha çox xəzə bənzəyir. Özü də göbələk qoxulu. Elə bu qoxu hesabına da gözügötürməyənlər onları rahatca tapıb yemlərinə çevirirlər.
Görmə qabiliyyətləri zəifdir – bunu da ana təbiət ona bonus kimi sonradan göndərmişdi. Bütün ümidləri uzun dimdiklərinədir. Dəliklərin də tam dimdiyin aşağı hissəsində olması iybilmələrində onların yardımçısı olur. Dil əvəzi nazik, uzun bığcığları var ki, onlar da hissiyyatlarının babat olmasına kömək edir.
Quşlara xas yuvaları olmur. Ev-eşiklərini ağacın koğuşunda, torpağın altında filanda düzəldəndən sonra tələsik ora köçmürlər. Bir müddət kənardan müşahidə edib gözləyirlər ki, evin qarşısında ot, mamır bitsin və giriş yad gözlərin gözünə girməsin.
Eyni quşla çox uzun müddətli, bəzən ömürlük ailə qururlar. Dişi kivi bir yumurta qoyur (çox nadir hallarda iki). 500 qramlıq yumurtanı görəndə ər-arvad kivi çevrilib bir də tərs-tərs ana təbiətə baxırlar: onun ölçüsü kivinin öz ölçüsünün 1/4 hissəsi boyda olur. Əsasən, erkək qırt düşüb 75-85 gün ona yiyə durur. Bala yumurtanı tərk edən kimi valideynlər də əl-ələ verib onu tərk edirlər. Balanın dərialtı piyi 2-3 gün ac qalmamağa kömək edir. Sonra isə artıq özləri yem tapa bilirlər. Həddi-buluğa çatması üçün balaya 3-5 il lazım olur.
“Qırmızı Kitab”dadırlar. 50-60 il yaşayırlar. Amma, əfsuslar olsun ki, balaların 90%-i 6-7 aylığınadək tələf olurlar.