Axır vaxtlar Britaniya cinsindən olan pişiklər yerli pişiksevərlərin də qəlbinə yol tapıblar. Niyə də tapmasınlar? Yaşları artdıqca şirinlikləri bir qədər azalsa da, körpə vaxtlarında vidləri əməllicə basıb-yeyiləsi olur.
Amma onlara yiyə durmaq istəyənlər bir balaca əziyyətə də qatlanmalıdırlar, çünki:
– birincisi, Britaniya pişikləri qarınqululuqları ilə seçilirlər. Nəticədə də çox zaman piylənmə ilə baş-başa qalıb aktiv pişikdən həyatdan küsmüş bir varlığa çevrilirlər;
– ikincisi, onlar ürəyi qüsurlu pişik cinsləri siyahısının ilk pillələrindədirlər. Bu, genetik yolla oğul-uşaqlarına da ötürülür. Ona görə də yüngülvari stres Britaniya pişiyinə acınacaqlı zərbə vura bilər;
– üçüncüsü, yenə də genetikanın sayəsində bu cins pişiklərdə (ən çox da erkəklərdə) böyrək daşı xəstəliyinin inkişafına şərait yaranır. Əksər hallarda heç müalicəylə də söhbəti həll etmək olmur;
– dördüncüsü, oynaq xəstəliklərinə çox həssasdırlar. Bu cür problemlə, əsasən, düzgün aparılmayan cütləşmədən doğulan fərdlər rastaşırlar;
– beşincisi, düşünməyin ki, bircə baxışınızla tullana-tullana gəlib qucağınızda oturacaq. Bəzən hətta sığal çəkmək üçün də az qala onun özündən icazə almalı olacaqsınız. Zərifdirlər, amma insanla öz aralarındakı məsafəni elə özləri nəzarət altında saxlayırlar.
Təbii ki, xəstəlik cinsə-filana baxmır, bütün pişiklərdə ola bilər. Amma sadaladıqlarım məhz bu cins pişiklərdə daha tez-tez olur.