Bir hörümçək növü var, təzəliycə tapıblar. Tullanan hörümçəyin bir növüdür. Adı da jotus remus. İndi deyəcəksiz ki, tapıblar tapıblar da, sıravi haldır. Mən onun tapılmağından danışmayacam ki. Toyundan danışacam.
Bu hörümçəyin dişi fərdi ömründə 1 dəfə dünyaya bala gətirir. Amma bala gətirəndən sonra da kişi görəndə cumur üstünə, özündən asılı olmur. Fikirləşir ki, “Uzaq başı tutub basıb yeyərəm də erkəyi”.
Amma erkək bilir axı söhbəti. Ona görə də qızıb özünü buraxma ərəfəsində start-up-nı işə salır. Bədəninin ayaq hissəsində avar şəkilli özünəməxsus qalınlaşması var erkəyin. Yarpaqda oturan erkək dişi görəndə qaçır gedir yarpağın o biri tərəfində gizlənir. Gizlənəndə də yarpağın kənarlarından o avara oxşar hissəsini yellədir. Səbəbini deyəcəm.
Günlərin bir günü dişi jotus remus-un göz-başı başlayır qaynamağa. Ərə getmək istəyir. Çıxır məhləyə, görür ki, yarpağın arxasından kimsə nəyinisə yellədir. İlk dəfə gördüyü üçün mal-mal yerindəcə oturub başa düşməyə çalışır ki, bu nə olan şeydi. Erkəyə də elə bu lazımdı. O dəqiqə anlayır ki, qarşısındakı mal yenicə həddi-buluğa çatmış, ayağı erkək ayağına hələ dəyməyən və nəsil artıra bilən dişidi.
“Sürpriiiiiz!” deyib çıxır gizləndiyi yerdən. Amma həmən bir adını iki eləmir qızın. Əvvəl o ki var rəqs edir onun üçün. Qız da tamaşa eləyir, axırda da yorulub dilə gəlir ki: “Xəstəsən?” Elə bu dəmdə dişi olur analığa namizəd.
Dünyaya bala gətirmiş dişilər isə belə etmirlər. Erkəyin avaryelləməsini görüb o dəqiqə cumurlar üstlərinə ki, nuş eləsinlər (şərhdə videosuna keçid var). Erkək da başlayır ondan qaçıb gizlənməyə və bu minvalla da başa düşür ki, bu, ona lazım olan cavan dişi yox, üzü üzlər görmüş və artıq dünyaya övlad gətirə bilməyən yaşlı fərddir.
Yeri gəlmişkən, hərdən elə olur ki, erkək coşub baxmır ki, qarşısındakı öz cinsindən olan hörümçəkdi ya yox. Elə oynamağında olur. Hətta bəzən “Saxlamayın məni!” deyib ölü hörümçək üçün də rəqs edir. Yoxa nəhlət.