Xəbəriniz var ki, dünyada doğulan əkizlərin 40%-i Afrikanın payına düşür? Qitənin qərbindəki 13 milyonadək əhalisi olan Benin dünyada əkizlərin ən çox doğulduğu ölkələrdəndir: 1000 doğuşa 28 hal. Əfsuslar olsun ki, Benin həm də həmişə uşaq ölümünün yüksək faizinə malik olub, bu da vudu dinində əkizlər kultunun yaranmasına səbəb olub.
Əkizlərdən biri rəhmətə gedəndə valideynləri “hohovi” adlanan taxta kukla (gəlincik) düzəltdirirlər ve hesab edirlər ki, ona ölən uşağın ruhu keçir. Onlar üçün o uşaq ümumiyyətlə rəhmətə getmiş sayılmır. Elə ona görə də hohoviyə canlı uşaq kimi qulluq edirlər: qabağına yemək qoyurlar, gəzməyə aparırlar, çimdirirlər, gecə çarpayıya qoyub “yatızdırırlar”.
“Əkizin qayğısına layiqincə qalmasaq, onun bizə qəzəbi tuta bilər. Səhər durub görə bilərik ki, hohovi inciyib gedib. Bu da evimizə bədbəxtlik gətirər”.
Ananın hohoviyə qulluq etməyə vaxtı yoxdursa, əkizlərin atası və ya bacı-qardaşları bunu edirlər. Hər iki valideyn məşğuldursa, əkizlər hohovi üçün “uşaq bağçasında” saxlanılır. Bura onlarla kuklanın olduğu müqəddəs yer sayılır.
Valideynlərin bazarda və ya küçədə əkizlər üçün nəsə istəmək kimi mənəvi borcları var. Əgər ana qonşulara “Əkizlər səndən bir şey istəyir…” deyirsə, hər kəs bir şey verməlidir, istər pul, istərsə də yemək.