Sayları 33 mindən çox olan Dasaneç qəbiləsi özünə ən qəribə yerdə məskən salıb – səhralıqda. Ora yollandığım gün hava da +38C idi, üstəlik Abşeron küləyi də nə üçünsə orda vız vururdu. Axşama üst-başımda 4 qat qum yığılmışdı.
Omo Vadisinin ənənəvi həyat tərzini qoruyub saxlayan ən kasıb xalqlarındandır. Evlərini tullantılardan tikirlər: karton parçaları, metal təbəqələr, brezent və digər bunun üçün yararlı şeylərdən.
Qəbilənin qızlarının əsas qürur elementi dəridən hazırlanmış ətəkləridir. Bu ətəyi yalnız xüsusi initsiasiya (qadın sünnəti) keçmiş qızlar geyinə bilərlər. Bundan sonra onlara ərə getməyə icazə verilir. Ən çox qazanan qızın atası olur, çünki ərə getmə ərəfəsində oğlan evindən çoxlu miqdarda inək, keçi almaqla yanaşı, həm də qəbilə ağsaqqalı statusunu da alma ehtimalı böyük olur. Buna görə də ailədə ilk övlad kimi qızın doğulması böyük sevinc hissinə səbəb olur.
Yeri gəlmişkən, bu initsiasiyaya hər il dünyada (əsasən İndoneziya, İraq, Yəmən, 27 Afrika ölkəsində) 3 milyonadək qız məruz qalır və bunun da yarısı Efiopiyanın payına düşür. 28 noyabr 2012-ci ildə BMT bunu qadağan edən qətnamə qəbul edib. Statistikaya görə, 2007-ci ildə Efiopiyada buna məruz qalan qadınların sayı 57%-ə düşüb (2005-də 74,3% idi).