Banan ilbizi (Ariolimax columbianus) var. Uzaqdan baxanda elə bilərsən elə banandı: rəngi sarı, forması da bananvarı, 25 sm-dək uzunluqda. Şimali Amerika torpaqlarında məskən salıb. Əksər ilbizlər kimi, banan ilbizləri də hermafrodit varlıqlardandırlar: hər birində həm dişi, həm də erkək cinsi orqanları var. Amma digər ilbizlər kimi çanaqları olmur.

Özü də elə mehribandılar: cütləşmə vaxtı hər biri növbəylə həm dişi, həm erkək rolunu oynayaraq bir-birilərini mayalandırırlar. Cütləşmə demişkən. Şimali Amerikada meşədə filanda qıy vurduğunuz vaxt öpüşən banan ilbizlərini görsəz, ürəyiniz axmasın. Öpüşmürlər. Cütləşirlər. Çünki cinsi orqanları ağız nahiyələrinə yaxın yerləşir. 7 illik həyatlarının ən maraqlı hoqqaları 1 yaşından sonra, elə həddi-büluğa çatma perioduna təsadüf edir.

Cütləşmə vaxtı da itin zülmünü çəkirlər. Gecə və ya nəmişlik vaxtarda qızıb düşürlər meşənin canına özləri kimi özünü buraxmış ilbiz və ya ilbizə axtarmağa. Onu da torpaqdakı xüsusi feromonlu izlə tapırlar. Tapan kimi də tezbazar “in-yan” pozasını alıb başlayırlar bir-birilərinin başını bişirməyə. Buna bəzən saatlarla vaxt tələb olunur. Bişəndən sonra şərti şumda kəsib qərar verirlər birinci kim erkək olur. 20 dəqiqəlik haqq-hesabdan sonra po-bratski rollarını dəyişirlər. Bir neçə aydan sonra da meşədə hansısa kötük, ya yarpağın üstünə 20-70 ədəd yumurta düzüb valideynlik missiyalarına son qoyurlar.

Amma əsas məsələ cütləşmədən sonra olur. İş bitib, hava qaralıb day ev-eşiklərinə getmək vaxtıdır. Bu moment baxırlar ki, nəsə gedə bilmirlər. Çünki həmin anda erkək rolunu oynayan banan ilbizinin öz ölçüsündən də böyük olan cinsi orqanı ilişib qala bilər o birisində. Darthadart – çıxmır. Dişinin də işi-gücü var axı. Hövsələsi daralır, tutur dişləyir qoyur yerə xalxın kişisinin orqanını. Bəzən erkəyin özü də darta-darta belində qrıjası tutur, bezib “it aparan olsun” deyib özü də dişləyib qoparır onu, təki canı qurtarsın bu zülmdən. Day qoparmışkən də itə-qurda qismət olmasın deyə elə özləri yeyirlər onu.

Bundan sonra dişi öz xoduyla qurtulur zaddan nə qalıbsa ondan. Tərslikdən qopmuşun əvəzinə yenisi çıxmır. Ona görə də həmin erkək gələcəkdə ancaq dişi kimi həyat və fəaliyyətinə davam etdirə bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir