Bu, süni intellektin məhsulu deyil ki. Arada “Qara ruh” da deyirlər buna. Metrikasında adı isə “Melanistik cüyür”dür. Böyür-başındakı cüyürlərdən fərqi də rəngidir: tünd, bəzən kömür qarası kimi. Bu hoqqanın səbəbini özünndən soruşanda da deyir ki, səbəb bədəndə melanin piqmentinin artıq olmasıdır.
Bu haqq-hesab gözəllik məsələsi deyil, genetik hadisədir. Qara rəng resessiv əlamətdir. Yəni belə bala doğulması üçün hər iki valideyn həmin geni daşımalıdır (panteralardakı kimi). Hərdən olur ki, valideynlər klassik rəngdə, amma bala qara doğulur, ata da atır səsini başına ki, nə məsələdi bu? Təmkinli ana da başa salır ki, bas içivə, bəzən bu cür valideynlərin qara rəngdə olması mütləq deyil, yetər ki, içərilərində həmin o gen sakitcə yatıb qalsın və uşaq doğulanda bu, özünü göstərsin. Atanın bu söhbətdən sonra fısı yatır.
Qədim zamanlarda bu qara cüyürlər qara günlərini yaşayırmışlar. Məsələn, hələ 980-ci ildə Almaniyanın Minden şəhərinin yepiskopu bu nadir heyvanların hər il onun süfrəsinə gətirilməsini tələb edirmiş, çünki bu cüyürlər təkcə meşənin sirli sakini yox, həm də zadəgan süfrələrinin nadir “dəbdəbəsi” sayılırdı.
Bu nadirliyin əsas mərkəzi Şimal-Qərbi Almaniya, xüsusilə Aşağı Saksoniya və Hannover ətrafındakı meşələr hesab olunur. Şimal-Şərqi Niderlandda da onlara rast gəlinir.
Belə baxanda cüyürlər çox zərif görünsələr də, meşənin ən çevik və dözümlü heyvanlarındandır. Təhlükə zamanı 7-8 metr uzunluğa, 2-2,5 metr hündürlüyə tullana bilirlər. Qısa məsafədə sürətləri saatda 60 kilometrə çata bilər.
Cüyürlərin başqa maraqlı xüsusiyyəti su ilə bağlıdır. Onlar çox vaxt çay və göllərə xüsusi olaraq su içməyə getmirlər, oxotları olmur. Lazım olan nəmin böyük hissəsini yedikləri şirəli tumurcuqlardan, yarpaqlardan, otlardan və səhər-axşam şehindən alırlar. Buna görə də onların aktivliyi daha çox sübh və günbatımı vaxtına düşür. Həm hava sərin olur, həm də bitkilər daha rütubətli.
Bu aferist cüyürlərdə ən heyrətamiz bioloji xüsusiyyətlərindən biri isə gecikmiş hamiləlikdir. Cüyürlərdə cütləşmə yayda baş verir, amma mayalanmış yumurta dərhal inkişaf etməyə başlamır. Embrion bir neçə ay sanki pauza rejimində qalır və yalnız qışda aktiv inkişaf mərhələsinə keçir. Nəticədə balalar yazın sonu, otun-yarpağın ən bol və münasib vaxtında dünyaya gəlir. Ye ki yeyəsən.
Cüyürün səsi də çoxlarını şoka salır. Onlar təhlükə hiss edəndə və ya ərazilərini qoruyanda sanki it kimi hürürlər. Meşədə ilk dəfə bu səsi eşidən adam çox vaxt heyvanı yox, iti axtarır. Halbuki bu, cüyürün xəbərdarlıq siqnalıdır və səsi xeyli uzağa yayıla bilir.




