Bu günkü qəhrəmanımız Gelada (Theropithecus gelada) – sinəsində qırmızı ürək gəzdirən, otla dolanan, dişlərini göstərəndə adamın canına vəlvələ salan, ailə münasibətləri isə ayrıca serial mövzusu olan primatdır!
Meymunlar aləminin otbiçəni
Gelada Efiopiyanın yüksək dağlıq ərazilərində yaşayır. Əsasən 1800–4400 metr yüksəkliklərdə rast gəlinir. Qidasının böyük hissəsini ot təşkil edir. Hətta bəzən rasionunun 90 faizindən çoxu ot olur.
Sinəsində niyə qırmızı ürək var?
Geladanın sinəsində tük olmayan, qırmızımtıl dəri sahəsi yerləşir. Buna görə ingiliscə ona “qanayan ürəkli meymun” də deyirlər.
Erkəklərdə bu sahə xüsusilə nəzərə çarpır. Dişilərdə isə həmin sahənin ətrafında cinsi dövrlə əlaqəli dəyişikliklər və şişkinliklər yarana bilir. Bu, reproduktiv vəziyyət haqqında siqnaldır.

Dodağını qaldıranda qorxu filminə dönür
Geladanın üst dodağını çevirməsi hər zaman hədə-qorxu deyil. 2020-ci il araşdırmasına əsasən, bu hərəkət çox vaxt qeyri-aqressiv, hətta qarşı tərəfi sakitləşdirən sosial siqnallarla müşayiət olunur.

Əlləri ot dərmək üçün uyğunlaşıb
Geladalar otları baş və şəhadət barmaqları ilə dəqiqliklə qoparırlar. Günün böyük hissəsini oturaraq, ətrafdakı otları toplayıb yeməklə keçirirlər. Bu qədər ot yeyən primat üçün əl çevikliyi əsl üstünlükdür.

Ailə başçısının işi heç də asan deyil
Geladaların əsas sosial vahidi adətən bir erkək və bir neçə dişidən, eləcə də onların balalarından ibarət olur. Bəzən əlavə erkək də həmin qrupa qoşula bilər.
Maraqlısı odur ki, ailə daxilində sosial münasibətlərin əsasını dişilər təşkil edir. Erkək dəyişə bilər, amma dişilər arasındakı əlaqələr davam edir.
Cütləşmə məsələsi – əsl intriqa buradadır!
Lider erkək öz qrupundakı dişilərlə cütləşmək üstünlüyünə malikdir. Ancaq subay erkəklər fürsət gözləyirlər.
Bəzən dişilər başqa erkəklə gizli cütləşə bilir. Belə hallarda onlar adi cütləşmə zamanı çıxardıqları səsləri azaldırlar ki “Amma ərim bilməsin”. Bu davranış elmi tədqiqatlarda da müşahidə edilib.
Yəni ailə başçısı özünü arxayın hiss etsə də, dağlarda gizli hoqqalar gedir! Amma ailə başçısı o qədər də tupoy deyil. 2013-cü ildə Nature Communications jurnalında dərc olunan araşdırmada gizli cütləşmələrin müşahidə edilən bütün cütləşmələrin təxminən 9 faizini təşkil etdiyi göstərilib. Belə cütləşmələrin təxminən 20 faizindən sonra lider erkəyin aqressiv reaksiyası müşahidə olunub. Yəni bunlar təkcə xəyanət eləmirlər, üstəlik tutulanda dava da düşür!
Yeni erkək gələndə balalar təhlükəyə düşə bilər
Yeni lider əvvəlki erkəyin balalarını öldürə bilər. Aslanlardakı kimi. Bu, infantisid adlanan davranışdır. Bunun nəticəsində dişi daha tez yenidən çoxalma vəziyyətinə qayıda bilər.
Amma geladalarda daha qəribə bir hadisə də qeydə alınıb: lider erkək dəyişdikdən sonra bəzi hamilə dişilərdə hamiləliyin dayanması və ya itirilməsi müşahidə edilib ki, “Allah haqqı, qız uşağıyam” deyib təzəbəyin üzünə at kimi dura bilsinlər. Bu, Bruce effekti ilə əlaqələndirilir və vəhşi primatlarda nadir sənədləşdirilmiş hadisələrdəndir.
Yeni erkək hakimiyyətə gələndə bəzi süd verən dişilərdə cinsi aktivlik əlamətləri yaranır və onlar yeni erkəklə cütləşirlər. Ancaq dərhal hamilə qalmırlar. Tədqiqat göstərir ki, bu davranış balalarının öldürülməsi riskini azaltmağa kömək edə bilər. Yəni dişi erkəyə sanki “Kor qalasan, ala məni – sox gözüvə, amma balalarıma dəymə!” deyir.

Danışmaqda da az qala adamla yarışırlar
Geladaların çox zəngin səs repertuarı var. Onlar müxtəlif mırıltılar, çağırışlar və ritmik səslər çıxarırlar. Xüsusilə erkəklərin bəzi vokal ardıcıllıqları insan nitqinə bənzər ritmik xüsusiyyətlərə malikdir. Əlbəttə, bu, onların insan kimi danışması demək deyil.
Böyük toplumlar yaradırlar
Kiçik ailə qrupları birləşərək yüzlərlə fərddən ibarət böyük sürülər yarada bilir. Bəzən belə birliklərdə minə yaxın gelada müşahidə olunur.
Beləliklə, sinəsində ürək gəzdirən, ömrünü ot yeməklə keçirən bu meymunların ailə həyatı heç də sakit deyil. Xəyanət var, qısqanclıq var, hakimiyyət uğrunda mübarizə var, hətta balaları qorumaq üçün qurulan hiylələr də var. Bir sözlə, Efiopiya dağlarında ot boldur, amma ailə səadəti qıtlığı var.
