fennec fox (Vulpes zerda) is a small fox in the Sahara

Bu şəlpəqulaq fenek tülküsüdür — dünyanın ən balaca tülküsü.

Özü tülkü olsa da, daha böyük ailə ilə desək, canavarın, çaqqalın, hətta evdəki itin qohumudur — hamısı itkimilər fəsiləsindəndir. Özü də həmin ailənin ən balaca nümayəndəsidir.
Əsasən Şimali Afrikanın səhra və yarımsəhra ərazilərində, xüsusilə Sahara səhrasında yaşayır. Arealı Mərakeş və Mavritaniyadan Misirə, Sudana və Çada qədər uzanır. Qumlu səhralara çox yaxşı uyğunlaşıb.

Özü bir kilo ətrafıdı, amma qulaqları elə bil nuşicanlıqla başqa ölçüdə sifariş olunub. Təbiət o qulaqları sizin baxıb ürəyiniz getsin deyə gözəllik xətrinə verməyib. Biri radar kimi qumun altında eşələnən şikarın səsini tutur, o biri də radiator kimi artıq istiliyi bayıra verir. Yəni qulaq həm ov eləyir, həm kondisioner kimi işləyir.

Ayaqlarında “başmaq” var. Pəncələrinin altı qalın tüklə örtülüb. Bu həm qızmar qumdan qoruyur, həm də boş qum üzərində hərəkət edəndə tutuşu yaxşılaşdırır.
Suyu çox vaxt yeməkdən alır. Fenek uzun müddət ayrıca su içmədən yaşaya bilir; lazım olan nəmin əhəmiyyətli hissəsini yediyi heyvanlardan, meyvə, kök və yarpaqlardan əldə edir. Amma bunu “heç vaxt su içmir” kimi deməyək — o artıq şişirtmə olar.

Gündüz gizlənir, gecə işə çıxır. Sahara istisində gündüz yuvasında yatır, əsasən gecə ov edir. Yeraltı yuvasının tunelləri 10 metrə qədər uzana və bir neçə giriş-çıxışı ola bilər.

Balaca olsa da, ov məsələsində yekəxanalıq edir. Həşərat, gəmirici, kərtənkələ, quş və yumurta yeyir, bitki qidasından da istifadə edir. Hətta özündən böyük yetkin dovşanı öldürdüyü hallar qeydə alınıb.

Ailə məsələsində də fenek sanballı heyvandı. Çoxalma mövsümü əsasən yanvar–fevral aylarına düşür. Dişi ildə adətən bir dəfə bala verir və hamiləlik təxminən 50–52 gün çəkir. Bir doğuşda çox vaxt 2–5 bala olur.

Cütləşmənin özündə isə maraqlı detal var: digər itkimilərdə olduğu kimi feneklərdə də cütləşmə vaxtı “copulatory tie” – müvəqqəti bir-birinə bağlı qalma baş verə bilər. Yəni proses “işimizi gördük, dağılışdıq”la bitmir. Bir müddət fiziki olaraq ayrılmaya bilirlər. Bu, itkimilərdə normal reproduktiv mexanizmdir.

Dişi hamilə olanda və xüsusən balalar təzə doğulanda dişi ilk vaxtlarda balaların yanında daha çox qalır, erkək isə yemək dalınca gedir. Üstəlik, bala olan yuvaya yaxınlaşanda onsuz da o dönəmlərdə döyməyə heyvan axtaran dişi erkəyə qarşı aqressiv də ola bilər. Yəni kişi gedib bazarlığını eləyir, gətirib qapıda qoyur, içəri girmək məsələsi isə xanımın kefindən asılıdı.

Səhranın gecəsi soyuq olduğuna görə tükü də maraqlıdır. Açıq qum rəngli qalın xəzi gündüz kamuflyaj və günəşdən qorunmağa, gecə isə istiliyi saxlamağa kömək edir. Həm kondisioner, həm də odeyal məsələsinə görə ona-buna ağız açmır.

Bir də çox şirincə detal: balaca cüssəsinə baxmayaraq, yerindən təxminən 1 metr hündürlüyə tullana bilir.