Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.
Bir xeylaq uzaqdır bizdən. Biz, məsələn, 4 nəfər idik, hərəmiz bir ölkədən və ayrı-ayrılıqda Kosta-Rikaya gəlib orda toqquşmağı planlaşdırırdıq. Bəlli oldu ki, heç birimiz eyni marşrutla gəlib çıxmamışıq. İndi artıq səfirlik, viza filan məsələsi həll olundu, şükürlər olsun. Mən səfərə çıxanda isə bu, mümkün deyildi. Mümkün olan isə Kosta-Rikaya həm də ABŞ, Kanada və Şengen vizası ilə də getməyin mümkünlüyü idi. ABŞ vizası ilə Bakıdan ABŞ-a (Nyu-York), oradan San-Salvadora (Salvador), oradan da San-Xoseyə (Kosta-Rikanın paytaxtı) gəlib çıxdım.
Səyahətimizə icarəyə götürdüyümüz avtomobildə öncədən cızdığımız marşrutla start verdik. GPRS-in canı sağ olsun! Paytaxt San-Xosedə turistlər çox ləngimir. Elə bizim də ayağımız bizi burda saxlamadı. Pulumuzu yerli valyutaya (1 AZN =327.649 CRC) dəyişib üz tutduq şimala, ordan da qərb sahili boyunca cənuba.
Kosta-Rikanı dünyanın “Ən xoşbəxt ölkəsi” adlandırırlar. Səbibini bilməsəm də, zahirən elə xoşbəxt görünürdülər.
Bu xudmani ölkədə 50-dən çox qoruq var ki, bu da ölkə ərazisinin 30%-ni təşkil edir. Yer üzündəki bitkilərinə 70%-nə Kosta-Rikada rast gəlmək olar. Ərazisindəki 120 vulkandan 70-i fəaliyyətdə olandır.
Özlüyündə ölkəni bəyənməmək mümkün deyil. Kontrastları nəyə desən dəyər: gah qızmar günəş, gah yağış və hətta şaxta, gah cəngəllik, gah okean sahili kurort şəhərləri…
İnsanları da çox qonaqpərvərdi.
Ölkə boyunca çoxsaylı hotellərdə qaldıq (3 və 4-ulduzlu). Qiymətləri də adambaşına 5 USD-dən 45-dək. Hər birində də normal xidmət, wifi, səhər yeməyi…
Yaxşı mənada təəccübləndirən məqamlar:
əhalinin kütləvi halda siqaretə “YOX” deməsi. Bilirdik ki, siqaret çəkmə həvəsindən uzaqdırlar, amma bu qədər də yox! Yerli əhali arasında 2 həftə ərzində bir nəfər də siqaret çəkən görmədim. Amma kiçik kənddə, 40 dərəcə istidə marafon yarışında iştirak edənləri gördüm: böyüklü, kiçikli – hamı qaçırdı.
Fəaliyyətdə olan Arenal vulkanı (hündürlüyü 1657 m). İlk dəfə 1968-ci ildə şuluqluq edib əməllicə püskürübmüş, nəticədə də Arenal şəhərini yox eləyib.
Poas vulkanı (foto). O, özünü, Arenaldan fərqli olaraq, daha abırlı aparır. Sonuncu dəfə 1953-ci ildə püskürüb. Vulkanın içində kiçik geyzer var, diqqətlə baxanda lavanın “nəfəs almağını” da görmək olar.
Cəngəlliklər. Lap kinolarda gördüyümüz kimi. “Eramızdan sonra” filminin əsas hissəsi elə Arenal yaxınlığında çəkilib. Elə Stiven Spilberqin “Yura dövrünün parkı” da.
Cəngəllik üzərindəki asma körpülər (foto). Onların üzərindən keçərkən qədim ağactipli qıjılardan əlavə həm də rəngarəng kolibri quşlarına (foto), meymunlara, hətta ərincəklərə (ленивец) də rast gəlmək olar. Meşənin özü çox sirrli ab-hava bağışlayır insana, lap Harri Potterdəki kimi, amma bir balaca tropik qurtumla.
Yeri gəlmişkən, getməzdən əvvəl elə bilirdim bu ərincəklərə (foto) orada tinbaşı rast gələcəm. Amma, əsasən, hündür ağaclarda yaşayan ərincəkləri çox nadir hallarda görmək olur. Səfərin sonuna yaxın bəxtimiz gətirdi və onlardan birini gördük, o da azıb yol qırağına düşmüşdü (foto). Qaldırıb ağaca qoyduq. İndiyənəcən savabından qurtara bilmirik :)
Cəngəlliyin tən ortasında təbii qaynar bulaqlar.
Təəccüblü olsa da Kosta-Rikada yerli əhali arasında tez-tez bizimkilərə oxşar adamlara rast gəlirdim. Məsələn, yolüstü kafedə ofisiant işləyən bu qaqaş kimi (foto). Hərdən çaşıb qalırdım ki, bu niyə ispanca danışır?
Bir sözlə, gedib görüləsi yerdir. Görməyənlərə qismət!
P.S. Turistlər, elə yerli əhali üçün də tam bir təhlükəsiz ölkədir.