Fotoları çəkdiyim məkan: Tanzaniya
Bu savanna ki var – çox marağlı məkandır. İldə iki dəfə bir neçə həftə yağış mövsümü olur, ondan sonra da bir neçə ay quraqlıq dövrü gəlib çıxır. Quraqlıqda da bir xeylaq canlı məhv olur, əsasən də otla qidalananlar. Buna görə antiloplar, zebralar, zürafələr dişlərini dişlərinə qıcayıb su hövzələri arasında əsir-yesir düşürlər.
Savannada hər bir canlı və hətta bitki bir-birindən çox asılıdır. Heyvanlar arasında əməllicə mehribançılıq hökm sürür: vəhşi heyvanlar (şirlər, gepardlar və s.) otyeyən heyvanların axırına çıxır, otyeyənlər elə otların, kaftarlar, quzğunlar çox vaxt ortalıqda qalmış qalıqların, çoxsaylı termitlər də, sağ olsunlar, bitkilərin qalıqlarını aşırıb gedirlər. Bax, beləcə bir-birilərinin dadına çatırlar.
Savanna iri heyvanların bir yerdə cəmləşdiyi yeganə yerdir. Həm də külli miqdarda bitki, kol və ağacların da məskənidir. Bu iqlim şəraiti ilə ən çox doğmalaşan baobab ağacıdır. O, köklərinin yerin dərinliklərindəki rütubəti çəkməyi hesabına əməllicə şellənir. Qabığı da çox qalın olduğundan quraqlıq dövründə baş verən çoxsaylı yanğınlar zamanı o qədər də zədələnmir. Yeri gəlmişkən, yanğınların müsbət tərəfi də var: onların hesabına otlar yanaraq torpağa, ağac zoğlarına gün işığının daxil olmasına şərait yaradır. Yanğından qalan kül də təbii gübrə rolunu oynayır.