Buna baxanda adama elə gəlir ki, dinozavrların nəsli kəsiləndə bu quş maması oğlu gildə başqa planetdə idi, yaddan çıxıb qalıb, xəbər tutmayıblar. Adı shoebill, elmi adı Balaeniceps rex-dir, azərbaycanca adı isə – Başmaq dimdikli leylək. Afrikanın şərq və mərkəzi hissələrindəki iri bataqlıqlarda yaşayır. Boyu 1 metr 50 santimetrə çata bilir, çəkisi də hardasa 5–6 kilo olur. Qanadlarını açanda isə bunun yanında bəzi quşlar xəcalətindən ölür.

Azərbaycan dilindəki adı sizi aldatmasın. Üzdən də leyləyə oxşayır, amma leylək deyil. Sadəcə vaxtilə zahiri oxşarlığına görə leyləklərin arasına dürtüblər. Öz ayrıca fəsiləsi var və qohumluq baxımından qutanlara daha yaxındır. Ən məşhur yeri də sifətinin yarısını tutan yekə dimdiyidir. Təxminən 30 santimetrə çatan bu dimdiyin ucunda qarmaq da var. Təbiət bunu gözəllik üçün verməyib ona – çörək ağacıdı.

Əsas yeməyi balıqdır, amma qurbağa, ilan, hətta fürsət düşəndə balaca timsah da menyuya girə bilər. Başqa quş timsah görüb fitilliyib qaçmağa yer axtaranda, bunun ağzının suyu axır ki, nə gedəəəəər!..

Ov eləməyinin özü də ayrı haqq-hesabdı. Saatlarla suyun qırağında heykəl kimi dayanıb gözləyə bilir. Balıq yaxınlaşan kimi qəfildən bütün bədəni ilə qabağa atılıb o yekə dimdiyini suya soxur. Yəni prinsip sadədir: “Xeyir ola, dalunca nöş düşüm ki?! Elə özün gəl də bura”

Səsi də özünə yaraşır. Shoebillin laqqırtıyla arası yoxdu, amma ürəyi dolu olanda dimdiyinin iki tərəfini bir-birinə sürətlə vurub avtomat səsi çıxarır. Buna bill-clattering deyirlər. Adam uzaqdan eşitsə, quş yox, kimsə pulemyotunu xodduyub üstünə gəldiyini zənn eləyər.

Xasiyyəti də çox sosial deyil. Əsasən tək gəzir, tək ov edir. Hətta cütləşib ailə qurandan sonra da ər-arvad bütün günü qol-boyun gəzmir. Hərə gedib bataqlığın bir kümcündə öz işi ilə məşğul olur.

Amma ailə həyatının ən qəribə tərəfi balaları ilə bağlıdır. Dişi adətən iki yumurta qoyur və valideynlər yumurtaları qoruyur, balaları yemləyir, hətta istidə onları günəşdən qorumağa çalışırlar. Amma çox vaxt axırda yalnız bir bala böyüyür. Böyük və güclü bala əsas diqqəti və yeməyi alır, zəif olan isə çox vaxt sağ qalmır. Yəni ikinci bala bir növ ehtiyat variant kimi olur ki, birdən birincinin başına bir iş gələr, zapasda bu var.

Bu əndama baxıb elə bilməyin uça bilmir. Əksinə, yekə və enli qanadları var, lazım olanda bu 1,5 metrlik “dinozavr” qalxıb havada da süzür.

Təəssüf ki, shoebillin özünün də vəziyyəti ürəkaçan deyil. Hazırda həssas növ hesab olunur və təbiətdə sayı azalır. Bataqlıqların məhv edilməsi, insanların yuvalara müdaxiləsi, ov və qanunsuz quş ticarəti əsas təhlükələrdəndir.