Hamer qəbiləsində boynuna uclu biqnere halqasını ancaq kişinin ilk xanımı taxır. O bəxtəvər kişinin bir neçə həyat yoldaşı olur. Bu cür halqanı taxanınsa digərlərindən fərqi, üstünlükləri olur:
1. Ailənin və təsərrüfatın “baş meneceri”
Hamer cəmiyyətində çoxarvadlılıq (poliqamiya) bikarçılığdan deyil, iqtisadi zərurətdən doğur, çünki heyvandarlıq və əkinçilik böyük işçi qüvvəsi tələb edir. Birinci arvad ailə təsərrüfatının “zavxozu” hesab olunur.
Kişinin topladığı sərvət (taxıl, heyvanlar) birinci arvadın evində və ya onun nəzarətində olan anbarlarda saxlanılır.
Digər arvadların hansı işləri görəcəyini, əkin sahəsində necə çalışacağını, ev işlərinin bölgüsünü məhz birinci arvad idarə edir.
2. İyerarxik üstünlük və hörmət
Hər sonradan gələn arvad (ikinci, üçüncü) avtomatik olaraq birinci arvadın tabeliyinə keçir. İkinci və üçüncü arvadlar boyunlarına sadəcə iki ədəd düz dəmir halqa (esente) taxdıqları üçün qəbilə daxilində hamı ilk baxışdan kimin rəhbər, kimin tabe olduğunu bilir.
3. Kişinin ölümündən sonra mülk sahibliyi
Əgər ailə başçısının (ərin) başı müvəffəqiyyətlə yeyilərsə, aİlənin bütün mülkiyyəti, heyvan sürüləri və torpaqları birinci arvadın nəzarətinə keçir. O, ərinin mirasını idarə edir və digər arvadların, uşaqların dolanışığını təmin edəcək payı özü müəyyənləşdirir.
4. İlk övladın üstünlüyü
Birinci arvadın dünyaya gətirdiyi ilk oğlan uşağı ailənin əsas varisi hesab olunur. Hamer qəbiləsinin ən məşhur ritualı olan “Ukuli Bula” (kişiliyə keçiş üçün öküzlərin üzərindən tullanma mərasimi) ilk növbədə birinci arvadın oğulları üçün təmtəraqlı şəkildə təşkil edilir.
Bütün bu üstünlüklərə rəğmən, Hamer qadınları kişilərin əlavə arvadlar almasına çox vaxt etiraz etmirlər, əksinə bunu dəstəkləyirlər. Çünki evə yeni gələn hər bir sonrakı arvad birincinin çiyinlərindəki ağır fiziki iş yükü nəticəsində (su daşımaq, odun toplamaq, tarlada çalışmaq) mitilinin çıxma şanslarını azaldır.




