Elə canlılar var ki, onların adları çıxınca, elə canları çıxsa yaxşıdı. Məsələn, piranyaların.

Piranya deyəndə çoxunuzun gözünün qabağına nə gəlir? Çaya bir adam düşür, bir saniyə sonra sudan ancaq skeleti çıxır, düzdür? Amma əslində piranyalara bir az böhtan atmışıq.

Bu balıqlar Cənubi Amerikanın çaylarında yaşayırlar. Təxminən 30–60 növündən danışılır, amma dəqiq sayı təsnifatdan asılıdır. Hamısı da vəhşi ət yeyən deyil. Bəziləri balıq, həşərat, xərçəngkimilər, digərləri isə meyvə və toxumlarla da qidalanırlar. Hətta başqa balıqların pulcuqlarını qoparıb yemək üzrə ixtisaslaşmış növləri var.

Amma dişlərinə söz ola bilməz! Üçbucaq formalı, iti, bir-birinə keçən dişləri var. Çənə əzələləri də o qədər güclüdür ki, öz ölçülərinə nisbətən çox qüvvətli dişləyə bilirlər.

Bəs niyə sürü halında üzürlər? Elə bilirsiniz, kimisə tutub parçalamağa gedirlər? Xeyr! Əsas səbəblərdən biri özlərini daha iri yırtıcılardan qorumaqdır. Çünki piranyaların özünü də kaymanlar, iri balıqlar və başqa heyvanlar yeyir.

İnsanlara hücum məsələsinə gəlincə, piranyaların dişləməsi real təhlükədir, amma Hollivud filmlərindəki kimi sağlam adamı saniyələr içində skeletə çevirmələri əfsanədir. Xüsusilə su azaldıqda, yem çatışmadıqda və ya yuvalarını qoruyanda təhlükəli ola bilirlər.

Bir də bilirsiniz, piranyalar səs çıxarırlar? Özü də bir yox, bir neçə cür! Alimlər onların aqressiv davranış zamanı hürməyə, qurultuya və çıqqıltıya bənzər səslər çıxardığını müəyyən ediblər. Yəni balığın da əsəbi tutanda deyinməyi var!

Gələk bunların ailə həyatına. Məsələn, qırmızıqarın piranyalarda erkək suyun dibində yuva hazırlayır. Dişi ora minlərlə yumurta qoya bilir. Erkək isə yumurtaları mayalandırır və yuvanı qoruyur. Yəni çöldə qorxulu yırtıcı, evdə məsuliyyətli ata!

Bir də piranyaların öz həmcinslərini yeməsi halları var. Xüsusilə qida çatışmayanda başqa piranyaları da dişləyib yeyə bilirlər. Amma ən böyük haqsızlığı bu balıqlara insanlar edib. Xüsusən qorxu filmləri onları sualtı manyak kimi tanıdıb. Düzdür, İnsanlara nadir halda da olsa hücum edə bilirlər. Bəs hansı hallarda? Əsasən quraqlıq dövründə suyun səviyyəsi azalanda, balıqlar kiçik ərazilərdə sıxışıb qalanda və qida çatışmayanda dişləmə riski artır.

oxalma dövründə yumurtalarını qoruyan piranyalar da aqressiv ola bilirlər. Suda çırpınmaq, xüsusilə balıqların qidalandığı yerdə, onların diqqətini cəlb edə bilər. Bəs qan? Bəli, bəzi piranyalar qanın və yaralı heyvanın yaratdığı siqnallara reaksiya verə bilirlər. Amma bu o demək deyil ki, suya bir damcı qan düşən kimi bütün piranyalar hücuma keçir. Yəni Hollivudun göstərdiyi kimi qan iyinə kilometrlərlə uzaqdan yığışan sualtı qatillər deyillər. Bununla belə, açıq yara ilə piranyaların yaşadığı suya girmək ağıllı iş deyil!

ABŞ prezidenti Teodor Ruzvelt 1913–1914-cü illərdə Braziliyaya səfərindən sonra piranyaları dünyanın ən vəhşi balıqları kimi təsvir etmişdi. Onun yazdıqları bu balıqların qorxulu şöhrətinin yayılmasına ciddi təsir göstərib.

Bir sözlə, piranyadan ehtiyat etmək lazımdır, amma onu da elə təqdim etməyək ki, çaya girən kimi balıqlar süfrə açıb, bıçaq-çəngəllə səni gözləyirlər!