O filmlərdə-filanda cəngəllikləri göstərirlər a və bu cəngəlliyə də cəngəllik verən qəribə səslər var e – adama həm ləzzət edir, həm də qəribə qorxuvarı hiss yaradır – bax o tipli səslərin ideal müəllifi şəxsən mənim üçün hibbondur. Heyvanat aləminin ən qulağagəlimli və unikal səsi (video).

Cənub-Şərqi Asiyanın dəniz səviyyəsindən 2000 metrədək hündürlükdəki rütubətli tropik meşələrində yaşayan hibbonların 17 növü var. Bədəncə xudmanidilər: 4-8 kiloqramlıq.

Erkək hibbon dişi hibbonənin qəlbini fəth etmək üçün o bayaq dediyim səslərini işə salaraq əməllicə tər tökməlidir. Dişi üçün gələcək həyat yoldaşının səsi nə qədər məlahətli olsa, deməli, kişi bir o qədər sağlam gen sahibidir.

Ömürlük ailə qururlar. Özü də “kim güclüdür” prinsipiylə deyil, sırf şəxsi bəyənmə hesabına. Əksər ailələr erkək, dişi və 3-4 baladan ibarət olur. Dişi hibbon 3-4 ildə 1 dəfə bala dünyaya gətirir.
Bəzi cavan hibbonlar 10 yaşınadək ata-anasına paz olurlar.

Hibbonların əlləri bədənlərindən və ayaqlarından da uzundur. Əlləri hibbonun çox sürətlə 15 m məsafəyə tullanmasına şərait yaradır. Ayaq üstə dura-dura ovucları rahat yerə dəyir. Uzananda, oturanda, duranda, gəzəndə də əlləri kənarlardan elə bil nəsə mane olacaq şəkildə veyillənir.

Nadir hallarda ağacdan düşürlər.

Amma ana təbiət ne edirsə – düz eləyir. Hibbonların hərəkət etmə mexanizmi digər primatlardan fərqlənir. Bir çox meymunlar əl-ayağlarını işə salıb ayaq və quyruqlarıyla təkan verərək ağacdan-ağaca, budaqdan-budağa hərəkət edir. Hibbonlar isə gəzəndə qamətlərini düz saxlayırlar. Hətta hündür ağaclarda belə. Gəzəndə budaqdan (ağacdan) ayaq barmağlarıyla möhkəm yapışıb kəndirbazlar kimi hərəkət edirlər. Uzun əllərindən də balans saxlamaq üçün istifadə edilir. Amma gəzib-dolanmaq üçün, əsasən, əllərini işə salırlar, özü də növbə ilə.

İlk baxışdan sıravi meymunlara bənzəsələr də özəllikləri çoxdur. Məsələn, quyruqları yoxdur. Bizdəki kimi 32 dişləri var, II, III, IV qan qrupları var, amma I yoxdur.

Öz zavodskoy rəngləri qaradır. Açıq, qəhvəyi, qara xəzli olurlar.

Bəzi növləri “Qırmızı Kitab”a düşüblər. 25 ilədək yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir