Öyrəşmisiz 4-ü 1 manata limon-laym almağa. Xalx isə kilosu 100 ABŞ dollarına olanından yeyir. Hansı bəxtəvər laymdı o görəsən?
Nadir və bahalı meyvə sayılan barmaq laymıdı o (finger lime). Adını da belə qoyublar, çünki barmağa oxşayır. Dədə-baba yurdu Avstraliyanın subtropik və tropik bölgələrindəki yağış meşələridir.
İçərisindəki kürü kimi olan kiçik şirəli kapsulları sayəsində o biri limon filana yuxarıdan aşağı baxır. O kapsulların vidinə görə ona həm də “sitrus kürü” (citrus caviar) də deyirlər.
Ağacın öz hündürlüyü 2-7 metr, meyvələri də 5-12 sm uzunluqda olur. Rəngləri də ürəyin istəyəndən: yaşıl, çəhrayı, qırmızı, sarı, bənövşəyi, qara.
Dadını da deyim narahat qalmayasız: turş və təravətli! Laym və qreypfrutun qarışığını xatırladır.
Qiymətini doğrultmaq üçün iç-çalatına bir xeylaq vitamin və antioksidant dürtüşdürüb: C vitamini, E vitamini, B9 vitamini…
Barmaq laymı lüks restoran mətbəxlərində istifadə edilərək çox dəyərli bir inqrediyent sayılır. Elə bu səbəbdən biz yesirlər ondan indiyədək xəbərsiz imişik. Dəniz məhsulları ilə birlikdə verilir, suşi və suşi rollarına əlavə edilir. Kokteyllərin və içkilərin bəzədilməsində istifadə olunur. Dondurma, desert və souslarda inqrediyent kimi işlədilir.
Bu azmış kimi kosmetika, dəriyə qulluqda, tibbdə da eninə-uzununa ondan istifadə edirlər: tərkibindəki antioksidantlar və C vitamini sayəsində üz maskaları və kremlərdə, immuniteti gücləndirmək üçün istifadə edilir. Həzm sisteminə kömək edir.
Ümumi bazar qiymətləri belədir:
– təzə barmaq laymı: 1 kq üçün təxminən 40 – 100 ABŞ dolları arasında dəyişir. Mövsüm, keyfiyyət və təzəlik kimi faktorlar bu qiymətə təsir göstərir;
– dondurulmuş viddə: adətən 40 ABŞ dollarından başlayır;
– kürüsü (caviar): bu premium məhsul restoranlarda və lüks bazarlarda 200 – 300 ABŞ dolları arasında satılır və ən bahalı formasıdır. Bunun üzünə 100% həsrət qalacayıq.