Hamer qəbiləsindən olan qadınların kürəklərindəki çapıqların səbəbini çoxunuz soruşursuz. Mən də paxıl deyiləm. Göstərəcəm və yazacam.
Ümumiyyətlə hesab edirlər ki, Hamer qəbiləsinin təməli V əsrdə qoyulub. Onların hər birinin qeyri-adi yüksək daxili mədəniyyətə, fitri ədalət hissinə malik olmaları barədə iddialar çoxdu. Fərqlənirlər digər gördüyüm 4 qəbilə nümayəndələrindən. Məsələn, Mursilərdən fərqli olaraq Hamerlər gün ərzində yaşadıqları ərazidə bizi görməkdən qıcıqlanmırdılar. Elə bil heç görmürdülər də bizi. Eləcə yaşadıqları həyatlarını yaşayırdılar. Poz vermədən, rahatca. Hətta uşaqları da digərlərindən fərqli olaraq heç pul da istəmirdilər.
Omo vadisinə yola düşəndə sevindirici xəbər də aldıq. Böyük ehtimalla ildə 1 dəfə keçirilən inisiasiya mərasimini öz gözlərimizlə görə biləcəyik. Bizə görə təşkil edilmirdi. Sadəcə vaxtında yetirmişikmiş özümüzü. Mərasimdə cavan oğlanlar kişilik mərhələsinə qədəm qoyur, qızlar isə kürəklərindəki dözümlülük, gözəllik simvolu sayılan çapıqlara sahib olmaq üçün əldən-ayaqdan gedirlər. Kürəklərində nə qədər çox çapıq olsa, həm qəbilədəki əks cinsin nümayəndələri tərəfindən, həm də ümumiyyətlə qohum-qonşu tərəfindən bir o qədər sevimli olurlar. Kürəklərinə nazik budaqla vurulmaq üçün qəbilə qızları bəzən öz aralarında da mini dava-dalaş yaşayırlar.
Məkana yaxınlaşanda ocaqda iri qazanda nəsə qaynayırdı (video). Sorqo bitkisindən hazırlanan pivəyə bənzər alkoqollu içki imiş. İçkini balqabaqdan hazırlanmış xüsusi qaba töküb millətə verirdilər. Arılar da vız vururdu qabın ətrafında. Yaxşı ki, kimisə sancmaq yadlarından çıxmışdı.
Bu içkini həm də çapıqlanma mərasimində iştirak edəcək qızlar da içirdi. Amma hamısı yox. Yəni könüllü idi. İçki rəqs zamanı sanki transa düşməyə, ruhun bədəndən ayrılmasına (belə dedilər) onlara yardımçı olur. Yəqin ki, həm də ağrını azaltmaq üçün. Ağrı demişkən. Elə əlimdə kamera gəzib qızların üzünə diqqətlə baxırdım ki, görüm kimsə sanki imtahan qabağı olduğu kimi həyəcan keçirirmi? Zarafat deyil axı, bir azdan çubuğun ağrısını kürəklərində hiss edəcəklər. Heç veclərinə də deyildi. Əksinə hiss edirdim ki, bu günü həsrətlə gözləyirlər, bir bayram kimi.
Ritual mərasimində təkcə gənc qızlar deyil, həm də kürəklərində çapıq izləri olan qəbilənin yetkin nümayəndələri də iştirak edir, bu mərasimdə oğlanlar tərəfindən gələcək həyat yoldaşı seçilmək şansı olan qızları dəstəkləyirlər. Həmçinin, yetkin qadınlar yüksək statuslarını təsdiqləmək və digərlərinə hələ də təkcə ruhda deyil, həm də bədəndə güclü olduqlarını sübut etmək istəyirlər. Yeri gəlmişkən, Hamerlərdə yaş haqqında dəqiq bir anlayış yoxdur. Sadəcə kimin neçə yaşında olduğunu bilmirlər.
Amma çox gözləməli olduq. Bir neçə saat. Fikirləşirdim ki, yəqin təntənəli şəkildə sıraya düzüləcəklər filan. Amma elə olmadı. Tam bir pərakəndə şəkildə baş verən şey imiş. Əvvəlcə saatlarla rəqs etdilər. Gah orda, gah burda. Bir xeylaq keçəndən sonra bir də gördüm ki, qızlar dəstəylə sevincək harasa qaçmağa başladılar. Mən də kameramı qucağlayıb düşdüm dallarıyca. Yolda ondan-bundan eşitdim ki, qamçılanmaq üçün hardansa xüsusi cavan oğlanlar gəlirmiş. Yəni kimə gəldi “Qamçıla məni” demək söhbəti yoxdur. Hələ də başa düşə bilmirəm onların gəlişi barədə qızlar 1 saniyəyə necə xəbər tutdular (telefon təbii ki, yoxdur). Nəhayət dayandıq. Amma oğlanlar gözümə dəymədilər. Dedilər ki, qızlar arasında arzu edənlər bu dəfə çox olduğu üçün oğlanlar əlavə çubuq dalıyca getdilər. Bir az gözləyəndən sonra rəqs edə-edə yenidən geriyə dönməyə başladılar. Mən də girinc olmuşdum ora-bura qaçmaqdan. Anlaya da bilmirdim tam olaraq nə necə baş verəcək.
Qayıtdıq əvvəlki yerə. Elə gözüm ətrafda idi ki, birdən başlayarlar xəbərim olmaz. Təsadüfən gördüm ki, xoşbəxt qızlar elə orda-burda əlüstü artıq qamçılanırlar. Videonun 03:55-ci dəqiqəsində siz də görə bilərsiz. Bəzən hətta oğlanlardan pişim-pişimlə xahiş də edirdilər bunu, çünki oğlanlar da sanki seçim edib hər xalxın qızını qamçılamırdılar.
Şadyanalıq başa çatdı. Hamı şad-xürrəm fikrini oğlanların “Bull Jumping”-nə yönəltdilər (daha əvvəlki paylaşımda bu haqda məlumat var, ayrıca videosu da olacaq).