Yığışın, yekəqarınlar! Qarnınızın qabaritiylə qürur duymaq üçün şansınızı əldən verməyin. Bunun üçün 6 ayınızdan keçib hər ilin iyun ayında Efiopiyadakı Bodi qəbiləsində lövbər salıb xüsusi pəhrizə keçməyiniz kifayətdir.
Bu qəbilənin (sayları 7 minədəkdir) kişilərində qarınlarının ölçüləri onların qürur mənbəyidir. Hər ilin iyun ayında subay kişilər qarınlarının diametrini ağsaqqalların ixtiyarına buraxırlar. Onlar da öz növbəsində ən yekəqarını seçib ona “ömürlük qəhrəman” statusu verirlər. Qəbilədə buna nə qədər önəm verdiklərini anlamaq üçün kişilərin bu “müsabiqəyə” (mərasimin adı “ka’el”dir) necə hazırlaşdıqlarına nəzər salmaq kifayətdir. 6 ayadək davam edən xüsusi pəhrizin özü elə bəs edir. Bu müddət ərzində kişi ev-eşikdə təcrid olunur və ona enerji sərf edilən nəsə etməyə qadağa qoyulur.
Efiopiya özlüyündə kasıb ölkədir, bilirsiz. Fəst-fud filana da dadanmağa qəbilə kişilərində təbii ki, imkan yoxdur. Bu səbəbdən də qəbilədəki qadınlar onlara vaxtaşırı inək qanı və süddən hazırlanmış kalorili “kokteyl” gətirirlər. İç ki içəsən! Özü də birdəfəyə minimum 2 litr! Bu cür pəhrizdən də biçarə qarın dözməyib başlayır şişməyə. Belə məşəqqətli pəhrizə hər kişinin qolu çatmır. Hələ bu “kokteyldən” infeksiyaya yoluxub xəstəlik tapanları demirəm.
İyun ayında da bu haqq-hesab kulminasiyasına çatır. Üst-başlarına gil və kül yaxıb muncuqlarla bəzənmiş kişilər qarınlarını qabağa verib qayıdırlar məhlələrinə. Müsabiqənin ilk turu zərif yerişi nümayiş etdirməkdən ibarət olur. İkinci turda da qarının diametrini ölçürlər. Qalib də bəllidir kim seçilir: ən yekəqarın kişi.
Qalib növbəti bir neçə həftə ərzində normal çəkisinə qayıtmaq üçün təcili tədbirlər görür. Şişi yatır, olur boylu-buxunlu cuvanəzən, amma statusu qalır. Bu statusla evlənmək şansı da daha çox olur. Ömrünün axırınacan da ona “Qarnıvın üstündə göbəyin var” deyən olmur.