Bir çox yerlərdə təşkilatçılar adətən turların sonunda iştirakçıları sevindirmək üçün hansısa urvatlı restoranda son axşam yeməyi təşkil edirlər.

Keniyada da belə oldu. 1 həftə fil-antilop-zebrlərin arasında sülənib yesir gününə düşəndən sonra apardılar bizi paytaxt Nayrobidəki “Carnivore” restoranına.

Özlüyündə mən qoyun ətindən hazırlanan yeməkləri ümumiyyətlə yemirəm, mal ətindən də ancaq dolma. O da gərək əvvəl qoxusuna bələd olam, sonra hazırlanmasına (ət gərək mütləq qoxusuz, yumşaq, bir az yanmış olsun, üstündəki də tam bişmiş), sonra vid-fasonuna. Toyuqdan, balıqdan hazırlanmış yeməklər qəbulumdu (o da vid-fason, qoxu, hazırlanma söhbəti mən deyən olanda), yəni vegetarianlıq filanla əlaqəsi yoxdur. Sadəcə yeyəmmirəm.

Bunları niyə yazıram, bu “Carnivore” da sən demə elə naturalnıy ətxana imiş. Əvvəllər bu restoranda savannada gözlərinə nə sataşırdısa (fil, zebr, antilop…) – hamsını tutub bişirib təklif edirdilər. Sonradan hökumət brakonyerlərə toy tutmağa başlayıb və restoranın assortimenti bir balaca dəyişib: timsah, antilop, dəvəquşu, dəvənin özü, toyuq, qoyun…

Mənim ismətli mədəm üçün bildiyiniz qlobal təhqir yəni 😀 Amma sonradan xəbər tutanda ki, bu “Carnivore” dünyada 50 ən xodgedən restoranlar siyahısında olub – fısım yatdı. Ayağımdakı safaridə cındırı çıxmış sandallara baxıb qismən xəcalət çəkib öz-özümə sual da verdim ki, həqqətən mən bu “Carnivore”a ləyixəmmi? Yeri gəlmişkən, “Carnivore” tərcümədə elə “yırtıcı” deməkdi.

Deməli, adamı oteldən götürüb gətirirlər həmin bu restorana. Girişdə 85-cə ABŞ dolları ödəyəndən sonra içkilərdən başqa nə qədər istədin, nə istədin basıb yeyə bilərsən (5-12 yaşlı uşaqlar üçün məbləğ 43 dollardır).

Əvvəl xəbərim yox idi axı xodgedən yerdi, ona görə içəri girən kimi içimdə o ki var deyindim ki, bura niyə belə qaranlıqdı, niyə ofisiantlar əllərində ət ora-bura qaçır, voobşe niyə belə səs-küy var?! Amma xəbərim olandan sonra bunların hamısına sevəsiyim & quzu kəsəsiyim gəlirdi.

Oturan kimi 2 növ şorba təklif olunur. Onu üyüdəndən sonra bir xonça müxtəlif çeşidli çörəklər, salatlar, souslar gəlir. Sousların hər biri də müxtəlif ətlər üçün nəzərdə tutulub. Nə olursa ondan sonra olur. Ofisiantın biri gedir, biri gəlir. Hər birinin də əlində masai qılıncına keçirilmiş ət. Biri timsah əti gətirir, biri antilop, o biri toyuq və s. Təklif edirlər, istəyirsənsə, kəsib qoyurlar qaba və məhz bu ətə hansı sous əlavə etmək lazımdı – onu da deyirlər. Eyni ətdən yenə də istəsən – yenə də gətirəcəklər. Ta ki mədə “Öldüm, ana!” deməyincə.

O “Öldüm, ana!” funksiyasını hər stolun üstündəki balaca kağız bayraq yerinə yetirirmiş. Yesir olduğumuz üçün xəbərimiz yox idi ki, tam doyandan sonra o bayrağı çıxarıb stolun üstünə qoymaq lazımdır. Onu çıxarmayınca yemək bir ucdan gələcək. Arada müsabiqə kimi də təşkil edirlər – kim o bayrağı daha gec çıxaracaq. Qalibə yəqin Afrika kəli hədiyyə edilir. Dirisi yox.

Lap axırda da desert, kofe zad verilir.

Ətxana olmasına baxmayaraq, vegetarianlar üçün də ayrıca menyu var.

Ancaq şorba, salat, hansısa ət yeməyi, çörək və desertlə kifayətlənmək istəyən eləcə 30-40 dollarla da söhbəti bağlaya bilər.

#carnivore

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir