Bu Qana ki var – çox mırt ölkədi. Adamın dünyaya gəlməsindən ta rəhmətə getməsinədək nəsə oyun çıxarırlar. Deyəcəm indi.

Çox qonaqpərvərdilər. Bizim kimi və daha betər. Qohum-qardaşa dəymək üçün əvvəlcədən xəbərdarlıq etmirlər. Bir dəstə lapdannan axışıb gəlib bir neçə həftəlik, hətta bir neçə aylıq qala bilərlər. Bizdə olur belə şeylər? Qohum-qonşudan uzağam deyə tam xəbərim yoxdu. Hə, deməli, qonaq gəlir və nəbadə əlini cibinə sala. Pəhh! Ev yiyəsi səmimi qəlbdən inciyə bilər. Bütün yemək-içmək-gəzmək xərcləri hamısı qonaq qəbul edənlikdi. Ürəyi soyumur və qonaq artıq evinə qayıdanda yolpulu da verir. Bunu day bilmirəm sevindiyindən nəzir kimi verir, ya bu da içdən gələn bir şeydi.

Kimsə rəhmətə gedəndə vur-çatlasının həddi-hüdudu olmur. Bu hay-haray səviyyəsinə görə heç də toy mərasimindən geri qalmır. Rəhmətə gedənin ailəsi eksklüziv həşirə düşür: televiziyada, qəzetlərdə elan verir, rəhmətliyin çöhrəsi həkk olunmuş suvenirlər hazırlayır, ağlaşmaCELL-in ən ləyaxlı nümayəndəsini dəvət edir, yer tutur, DJ axtarıb tapır, öz qarderoblarını düz-qoş edirlər (Qanada yas geyimi qırmızı-qara rəngdə olur). Rəhmətliyi son mənzilə yola salmaq üçün bəzən yad adamlar da axışıb gəlir və hamısı da əlidolu. Dəfn mərasimindən sonra hamı yeyir, içir, şənlənir ki, rəhmətliyə düşdüyü yerdə xoş olsun. Elə dəfn mərasimində çiyinlərində tabut rəqs edənlər də bunu deyir.

Ailədə nə qədər çox uşaq olarsa – bir o qədər baş ucalığıdır. 10-cu uşaqdan sonra onun atasına qoyun hədiyyə edilir. İkibaşlı don geydirməyin. Xoş niyyətlə hədiyyə olunur, nəyəsə işarə kimi yox. Qanada uşaqlar ana xəttiylə zad olur (İsraildəki kimi), ona görə də hədiyyə nəslin artırılmasına sədaqətlə xidmət edib əziyyət çəkən atalarına düşür.
Sıravi ailədə 4-5 uşaq norma sayılır. Evlənəndən 1-2 il sonra uşaqdan səs-səmir yoxdursa bütün nəsil kilsəyə dua etməyə üz tutur. Bəli, mən sizinlə razıyam: bizdən ibrət götürüb 9 aydan sonra həşir qaldırmaqları daha məqsədəmüvafiqdir.

Sup və tərəvəz salatı yemirlər. Soussuz yeməklərsə onlara ümumiyyətlə çatmır. Yerli mətbəxlərində desert yoxdur. Ən möhtəşəm delikatesləri də bol ədviyyatla səpilmiş və qəşəngcə qızardılmış qamış siçovuludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir