İlk dəfə Kosta-Rikada gördüm onu. Daha doğrusu əvvəl buynuzunu, sonra da özünü. Sonradan bildim ki, bunlar heç Mərkəzi Amerikanın yerli heyvanları deyilmiş. Əslən Afrikadan olan Ankole-Vatusi cinsiymiş.

Onun ən gözəgəlimli detalı, əlbəttə, nəhəng buynuzlarıdır. Amma buynuzların arxasında xeyli maraqlı biologiya, Afrika xalqlarının tarixi və hətta rekordlar gizlənir.

Bəs bu nəhəng buynuzlu heyvan necə yaranıb? Deməli, Ankole-Vatusi hansısa iki fərqli heyvan növünün süni şəkildə calaq edilməsinin nəticəsi deyil. Onun əcdadları qədim Afrika uzunbuynuzlu mal-qarası ilə mənşəyi Asiyaya gedib çıxan donqarlı zebu inəklərinin minilliklər ərzində qarışması nəticəsində formalaşıb. Sonradan Afrika xalqları ən iri və əzəmətli buynuzları olan heyvanları seçərək çoxaldıblar. Beləcə, nəsildən-nəslə buynuzlar daha da böyüyüb. Yəni təbiət işin əsasını qoyub, insanlar da seleksiya yolu ilə buynuz məsələsini lap ağını çıxarıblar!

Bəzi fərdlərdə iki buynuzun ucları arasındakı məsafə 2,4 metrə çata bilir! Buynuzların dibinin çevrəsi isə bir metrdən də çox ola bilər.

Amma təbiət bu buynuzları təkcə bizi şoka salmaq üçün yaratmayıb. Onlar həm də təbii radiator rolunu oynayır. Buynuzların daxilindəki damarlarla hərəkət edən qan istiliyinin bir hissəsini ətraf mühitə ötürür. Beləcə, heyvan Afrika istisinə daha yaxşı dözür.

Buynuzlar həm də müdafiə silahıdır. Şir kimi yırtıcılar üçün belə buynuzlu heyvana yaxınlaşmaq təhlükəli ola bilər. Amma özləri görkəmlərinə baxmayaraq, adətən sakit xasiyyətli olurlar.

Ankole-Vatusi inəklərinin yeni doğulmuş balaları cəmi 14–23 kiloqram olur. Yəni başında iki metrlik buynuz gəzdirən nəhəngin balası adi buzovdan da balaca doğula bilər.
Südünə gəlincə, burada da maraqlı məsələ var. Südündə yağın miqdarı təxminən 10 faizə çata bilir. Adi inək südündən xeyli yağlıdır. Amma süd məhsuldarlığı yüksək deyil.

Afrikada, xüsusilə Uqanda, Ruanda və Burundi ərazilərində bu heyvanlar əsrlər boyu var-dövlət və nüfuz rəmzi sayılıb. Bəzi hökmdarlar ən gözəl, ən böyük buynuzlu heyvanları özləri üçün saxlayırdılar. Onlara hətta «kralların mal-qarası» deyirdilər. Bəzi ənənəvi icmalarda isə bu heyvanları kəsmək əvəzinə südündən və bəzən canlı heyvandan götürülən az miqdarda qandan qida kimi istifadə edirdilər.

Cütləşmə məsələsində xüsusi bir möcüzə yoxdur. Adi mal-qara kimi çoxalırlar, hamiləlikləri təxminən doqquz ay davam edir və adətən bir bala doğurlar.

Bir sözlə, Ankole-Vatusi vəhşi Afrika camışı deyil. Bu, insanların minilliklər boyu yetişdirdiyi ev heyvanıdır. Yəni bizim kəndin inəyinin Afrika qohumudur. Prosta buynuz məsələsində bir az ağ eləyiblər.