Kosta-Rikada təbiətin qoynunda bir də gördük bir xeylaq yapon, ya koreyalı fotoqraf düzüblər, qoyublar qarşılarına kameralarını və səssizcə gözləyirlər. Həşirnən onlara yaxınlaşanda baxışlarıyla itin sözünü dedilər bizə. Quş güdürmüşlər. Quş da kolibri ola. Mumlayıb biz də başladıq güdməyə.

Deyirdilər kolibri geriyə uçmağı bacaran yeganə quşdur. Deyilmiş. Amma bunu ən ustalıqla edən təkcə odur. Qaranquşlar, qartallar, şahinlər, qağayılar, bəzi tutuquşular da geriyə uça bilirlər, amma bunu güclü küləkdə, ya da harasa qonmaq istəyəndə filanda məcbur edirlər. Kolibri isə o balaca canıyla istədiyi qədər tam geri də uça bilir, yerində havada asılı qala bilir, sonra yenidən istədiyi səmtə uça bilir.

Kolibrilərin növləri müxtəlifdir. Ən cuppulusu Arı kolibirisidr (5-6 sm, çəki: 1 qram), ən əndamlısı – İspolin kolibrisi (21-23 sm, şəki: 18-30 qram). Amma beyinləri bədənlərinin 4-5%-ni təşkil edir. Ona görə də yüzlərlə çiçəyin yerini və hansı çiçəkdə nə vaxt nektar yeniləndiyini yadda saxlaya bilirlər. Həm də çiçəklərin “cədvəlini” də bilirlər, tam da yadlarında qalır ki, hansı çiçəklərin nektarı nə qədər müddətdə bərpa olunur.

Gecə ki düşdü, leş düşür kolibriciyəz: bədən temperaturu kəskin düşür, ürək döyüntüsü dəfələrlə azalır, maddələr mübadiləsi minimuma enir. Belə olmasaydı enerji azlığından səhərə sağ çıxmazdılar. Balaca ölçülü kolibrilər saniyədə 80-100 dəfə qanad çalırlar, nisbətən iriləri 10-15. Cütləşmə vaxtı sevincək olub həyəcandan saniyədə 200 dəfə də qanad çala bilirlər.

Bir gün ərzində öz çəkisindən çox qida qəbul edə bilər. İnsan bunu etsəydi, bir gündə 80–100 kilo yemək yeməli olardı.

Görmə qabiliyyətləri bizdən daha zəngindir. Ultrabənövşəyi rəngləri də görürlər.

Miqrasiya zamanı qeyri-adi uçuşlar edirlər. Ruby-throated kolibrisi Meksika körfəzi üzərindən təxminən 800 km fasiləsiz uça bilir. Belə kiçik quş üçün bu, insanın birnəfəsə okean keçməsinə bənzəyir.

Ən aferistik bacarığı da kolibrinin bir insanın üzünü tanıya bilməsidi. Əgər adam bir neçə gün eyni yerdə çəkiliş etsə, eyni qidalandırıcıları doldursa, bir müddətdən sonra onlar həmin adamın gəlməyini digər insanlardan fərqləndirməyə başlayırlar.

Belə quşdan kim inciyər?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir