📷 Fotoları çəkdiyim məkanlar: Uqanda, Kosta-Rika
6 min ildən çox tarixləri olan Vatussi (ankole) kəllərinin təkcə buynuzlarının çəkisi 90-100 kiloqramdır. Uzunluğu da 2,4 metrədək. Soruşan lazım, niyə bu, kəlbalası kimi normal ölçülü buynuzlarla kifayətlənməyib? Səbəbini biləndə, adamın bu buynuza «buynuz» deməyə dili gəlmir. Əsl kondisioner imiş! Afrika savannasındakı +50 dərəcəli qızmar havada bu buynuzlar kəllərin istidən şilküt olmalarının qarşısını alır. Onlar radiator kimidirlər: buynuzların sümük oxları çoxlu sayda kapilyar şəbəkələrdən ibarətdir ki, burada hərəkət edən qan hava axını vasitəsilə soyudularaq bütün bədəni boyunca hərəkət edir və bununla da bədənin temperaturunu aşağı salır. «Radiator» nə qədər böyük olsa, temperaturun soyudulması bir o qədər sürətlə baş verir.
Vatussilərin tarixi vətəni Afrikadır (Ruanda, Keniya, Uqanda, Burundi), amma yemək sarıdan ərköyün olmadıqlarına görə, 1960-cı illərdə digər qitələrdə də yayılmağa başlayıblar.
Buynuzqarışıq çəkiləri 400-750 kiloqramadəkdir. Balaları ata-analarına nisbətən çox xırda olurlar: cəmi 14-23 kq və bu ölçüdə də bir neçə ay qalırlar. Valideynlik instinktləri çox inkişaf edib. Gecə balaları vəhşi heyvanlardan qorumaq üçün özləri dairə qurub yatırlar, körpələri də dairənin ortasında yerbəyer edirlər.
Yeri gəlmişkən, buynuzlarının uzunluğuna görə Ginnesin Rekorldlar Kitabına düşən vatussi: ABŞ-ın Arkanzas ştatında yaşayan Laç ləqəbli kəl olub. Ona şöhrət gətirən buynuzlarının uzunluğu 92,25 sm və hər biri 50 kiloqramadək olub. İndi olmasın.