O deyirlər e, bayquşlar müdrikdi, zəkalıdı filan. İnanmayın. Bu, daha çox qədimdən qalma imic məsələsidir. Məsələn, qarğakimilərin problem həll etmək qabiliyyəti bayquşlardan qat-qat məşhurdur. Bayquşun başında isə əsas ‘investisiya’ gözlərə və eşitmə sisteminə gedib. Amma belə şəxsən mənim üçün ən marağlı quşlardandı.

250-dək növü olan bayquşların vid-fasonları, ölçüləri, xarici görünüşləri bir-birindən çox fərqli olur. Amma ümumi bir xasiyyətləri var, o da başlarını 270 dərəcə fırlada bilmələridi. Əksər məməlilərdə 7 boyun fəqərəsi olduğu halda, bayquşlarda 14 boyun fəqərəsi var. Elə bunun hesabına da başlarıyla o oyunu çıxardırlar.

Ən iri bayquşlar arasında Avrasiya yapalağı və Blakiston balıq yapalağı (Bubo blakistoni) var. Sonuncu adətən dünyanın ən böyük bayquşu hesab olunur. Ən kiçik ölçülüsü isə – Elf bayquşudur (elf owl — Micrathene whitneyi): boyu 12-14 sm, çəkisi 37-55 qram.

Müdrik, ağır oturub batman gələn bildiyimiz bayquşların arasında kannibalizm də yad şey deyil. İri bayquş kiçik həmbayquşunu görəndə həmişə ‘kolleqa’ kimi baxmır, bəzən menyu kimi baxır.

Görmə qabiliyyətləri də çox qəribədi. Gözləri çox böyük olub bir-birilərinə yaxın məsafədə yerləşirlər. Özü də hərəkətsiz qalırlar. O 270 dərəcə söhbəti də gözlərinin bu cür hərəkətsizliyini əvəz edib ətrafda baş verənlərdən xəbərdar edirlər.

Çoxumuz elə düşünürük ki, bütün bayquşlar özlərinə məxsus o adamın tüklərini biz-biz edən vahiməli səsi çıxardırlar. Amma elə deyil. Qar bayquşları, məsələn, dəniz quşlarına xas səs çıxardırlar, kiçik ölçülü bayquşlar, məsələn, cırtdan bayquşlar, astadan fit səsi çıxardırlar. Bəzilərinin səsi isə ümumiyyətlə bayquş səsinə oxşamır. Anbar bayquşunun (barn owl) gecənin bir aləmində çıxardığı çığırtını eşitsən, quş axtarmaq ağlına gəlməz, fikirləşərsən kimsə meşədə adam öldürür.

Ölçüləri çox yekə, xasiyyətləri də olduqca tünd olan bayquşlar nə desen yeyirlər, məqsədlərinə çatmaq üçün də heç nə qarşısında aciz deyillər. Boyunlu-buxunlu meymunlardan tutmuş kiçik məməlilərə kimi – hamısına diz çökdürürlər. Şikarlarını da dişləyib ya çeynəyib yemirlər. Eləcə udurlar. Kiçik şikarı bütöv udurlar; böyük şikarı isə parçalaya bilirlər. Həzm olunmayan sümük, tük, lələk və s. mədədə sıxılıb pellet əmələ gətirir və sonra elə udduqları kimi də qaytarırlar təbiətə.

Çox inkişaf etmiş eşitmə qabiliyyətləri və tam səssiz qala bilmə bacarıqları bayquşlara effektiv yırtıcı statusu verməyə zəmin yaradıb. Onun möcüzəsi nə qədər aşağı tezliyi eşitməsində deyil. O, səsin sağ və sol qulağa çatması arasındakı inanılmaz kiçik zaman fərqindən istifadə edib qaranlıqda şikarın yerini müəyyənləşdirə bilir.

Bayquşdan ev heyvanı düzəltmək də yaxşı fikir deyil. Bir çox yerdə vəhşi bayquş saxlamaq xüsusi icazə tələb edir və onların rasionu da pişik yemi ilə həll olunmur, bütöv gəmirici və digər uyğun heyvani qida lazımdır.

Ömürləri növdən çox asılıdır. İri bayquşların bəziləri vəhşi təbiətdə 20 ildən çox yaşaya bilir, zooparkda filanda isə bəzi növlər 30 ili keçə bilir.