İri pişiklərdən demək olar ki, hamısını vəhşi təbiətdə görmüşdüm. Yaquardan başqa.

O da tərslikdən dünyanın o başında, əsasən Mərkəzi və Cənubi Amerikada yaşayır. Yığdım cer-cehizimi, yollandım birbaşa Braziliyanın Pantanalına: dünyanın ən iri su-bataqlıq ərazisinə.
3 gün sübh tezdən axşama kimi qayıqla Rio Cuiabá çayı boyunca onu axtardıq. “Gördüm” deyən olmadı. 3-cü gün günorta yazığı gəldi yəqin bizə. Çıxdı üzə. Qəşəng də çıxdı.

 

Yaquarı ancaq özü istəsə görmək olur. Keyfi istəyəni də böyrü üstə qoyur. Lap elə timsahı da. Yəni istək dolu canlıdır.
Pələng və aslandan sonra ölçüsünə görə 3-cü ən iri vəhşi pişikdir. 57–100 kq olur çəkiləri.

İri pişiklər arasında ən güclü dişləmələrdən birinə, bəzi elmi mənbələrə görə ən güclüsünə malikdi. Digər iri pişiklər çox vaxt boğazdan tutub boğanda, yaquar söhbəti uzatmayıb dişini birbaşa kəllədən keçirir.
Populyar etimologiyada adı “bir sıçrayış, bir zərbə ilə öldürən” mənasını verir. Amma akademik mənbələrdə etimologiya bu qədər birmənalı deyil. Bir tibbi-elmi icmal Tupi–Guarani dillərində sözün daha ümumi “yırtıcı heyvan” mənası ilə bağlı olduğunu qeyd edir.

Arada hindular yaquarları müqəddəs heyvan kimi qəbul edib onlara səcdə də edirlər.
Bəbirlər kimi yaquarlar da ağaclara məharətlə dırmaşırlar. Üstəlik üzgüçülükdə də əməllicə sözlərini deyirlər. Bəzən sudakı oduncaqdan insan kimi yapışıb elə onun üzərində də üzürlər.

Yaquar pələng və bəbirə nisbətən daha yığcam, enli başlı, qalın və əzələli görünür. Mənbə bunu açıq şəkildə “built for power, not speed” — yəni “sürət üçün yox, güc üçün yaradılıb” kimi xarakterizə edir.
Tərpənən nə varsa hamısını menyularına əlavə ediblər: tapir, maral, kapibara, tısbağa, ilan, balıq, quş və sair. Hətta iri anakondaları və kaymanları da.

Amma anakonda söhbətində bir məsələ var ki… hansı qabaq düşdü — o da qalib ola bilər.
Düzdür, insanlara çox nadir hallarda hücum edirlər. 2026-cı il geniş icmalında 1940–2023-cü illər arasında 153 bildirilmiş hücum və 17 ölüm hadisəsi qeydə alınıb.

Tənha həyat sürməyə üstünlük verən yaquarlar ancaq cütləşmə periodunda həmyaquarları ilə ünsiyyətə girirlər.