Dəniz ulduzunun qanı yoxdur, bilin. Qida və qazların daşınmasında bədən boşluğu mayesi və su-damar sistemi iştirak edir.
1900-dək növü olan və yırtıcı heyvan sayılan bu ulduzlar hələ 400 milyon il əvvəl okean sularından qıy vururdular. Dinozavrlardan təxminən 200 milyon il əvvəl ortaya çıxıblar. Bəzi növləri 30 ilədək yaşayırlar. Ölçüləri bir neçə santimetrdən ta 1 metrədək ola bilər.
Nəfəs almaq üçün ağ ciyər və qəlsəmələri yoxdur. Bədənlərinin üst tərəfindəki xüsusi törəmələr, çıxıntılar vasitəsiylə nəfəs alırlar.

Əsasən beşguşəli olurlar, amma bəzi növlərində bu guşələrin və ya qollarının sayı 20 və daha çox olur. Özü də bu qollar o bildiyiniz sıravi qollardan deyil. Nələr varmış bu qollarda: mədənin həzm vəziləri, cinsi orqanlarının çıxıntıları, gözləri… Yeri gəlmişkən, gözdən bol olsalar da onlar əsasən işıqlıq və ya qaranlığı seçməyə xidmət edir. Bəzi növlər çox kobud da olsa, iri obyektlərin və riflərin təsvirini görə bilir. Hər qolunda borucuq ayaqlar var və onların hesabına da suyun dibiylə hərəkət edirlər.

Ölçüləri bir neçə santimetrdən ta 1 metrədək ola bilər.
Nəfəs almaq üçün ağ ciyər və qəlsəmələri yoxdur. Bədənlərinin üst tərəfindəki xüsusi törəmələr vasitəsiylə nəfəs alırlar.

Bir az da hoqqalarından danışaq. İlk hoqqası təhlükəli hal olunca əl-ayağını götürüb bir kənara vızıllatmasıdır. Əməllicə qoparıb atır. Tullayır ki, siz Allah, baxın görün nə gündəyəm, mənim nəyimi yeyəcəksiz? Aclığınız da varsa gedin elə o tulladıqlarımı yeyin. Buna regenerasiya deyirlər. Cavan fərdlərdə Allah əvəzini daha tez verir, yaşlılarda isə il ərzində. Bu proses növdən, yaşdan, temperaturdan və zədənin böyüklüyündən asılı olaraq aylarla, bəzən illərlə davam edə bilər. O tullanmış hissələr var a – onlara da dəyib-dolaşan olmasa bəzən yenidən tam bir dəniz ulduzuna çevrilə bilirlər.

Nəsil artırmaq söhbətində xalxın dəniz ulduzları əhval-ruhiyyələrindən asılı olaraq bir neçə üsulla bunu edirlər.
Hərdən olur da əlində vacib işi var və bu dəmdə də qəfildən nəsil artırmaq təəbi gəlir. Belə anda dəniz ulduzcuğumuz birləşdirici liflərinin yumşaldılması nəticəsində bir neçə hissəyə bölünür və ya qollarını yenə səpələyir böyür-başına. Bu bölünmüş hissələrdə mərkəzi diskin heç olmasa bir hissəsi qalıbsa, o, tam bir hallıca dəniz ulduzuna çevrilir. Ümid edirəm, əliniz üzünüzdə qaldı.

Bikar vaxtlarında Erkək və dişi fərdlər yumurta hüceyrələri və spermanı suya buraxırlar, mayalanma da suda baş verir. Bu cür ismətli yolla bala istehsal edənlərdə maksimum 200 milyonadək kürü olur.

Arada özlərinə kənardan tamaşa edib fikirləşiblər ki, hoqqa nəsə elə bil biraz az oldu. Bunun nəticəsində də bəzi dəniz ulduzlarında həm erkək, həm də dişi cinsiyyət orqanları olur. Hər ehtimala qarşı. Okeandı da, birdən lazım olar. Bu cür ulduzlar külfətlərini kiçik torbalarında və ya bellərindəki xüsusi dəlikdə saxlayırlar.

Bununla kifayətlənməyən dəniz ulduzları həyatlarına rəng qatmaq üçün bir də gördün qəfil cinslərini də əlüstü dəyişirlər. Elə bil səhər işə evdən qadın kimi çıxır, günorta nahara qayıdanda artıq kişi olur.

Mədələri 2 ədəddir. Hər ikisi bədənin daxilindədir: kardial mədə və pilorik mədə. Bədəninin alt tərəfində olan ağzı balaca olduğuna görə hər qidanı ora dürtə bilmir. Bu an kardial mədə onun köməyinə gəlir. Elə ağzından çölə tullanır, tutulmuş qidanı, demək olar ki, püre halına salır və qayıdır gəldiyi yolla geri, ötürür püreni içəridəki 2-ci pilorik mədəyə. O da həzm eləyir.
Planetin qabağında gözükölgəli olmamaları üçün suyun dibindəki çürüntüləri, daha zəif və xəstə dəniz əhlini yeyirlər. Yenə sağolsunlar.