Ötən dəfə ətini dişinizə çəkdiyiniz ev toyuqlarının vəhşi təbiətdəki azad kolleqalarından yazmışdım. Bu dəfə isə çöldə-bacada eşşək kimi işlətdiyiniz eşşəklərdən və onların təbiətin qoynunda firavan və azad yaşayan həmeşşəklərindən danışacam.

Rəngləri, həyat tərzləri, qidaları, həyata baxışları fərqlidir hər ikisinin. Məsələn, çöleşşəyi onsuz da xoşbəxtdir, ona görə nə rəngdə olması qram vecinə də deyil. Bozumtul rəngdə olur, bəziləri bir az tünd, bəziləri bir az açıq. Həyatına görə həyatından zəhləsi gedən eveşşəyi isə rəng baxımdan daha şux və müxtəlif çeşidlidir. Fikirləşib ki, barı bunla qəmli həyatına rəng qatsın.

Təbiətin qoynunda el-aləm vecinə olmayan eşşəklər onsuz da azaddırlar, ona görə yaşadıqları yerin ərazisinin ölçüsünü veclərinə almırlar, çünki onlar üçün əsas azadlıqdır, ev-eşiyin kvadrat metri yox. Onların bəxtiqara, azadlığın nə olduğunu yadlarından belə çıxaran ev kolleqaları isə insanların ərazi seçiminə tam tabe olublar və o birilərdən fərqli olaraq, ərazilərini nişanlamırlar.

Yemək-içmək sarıdan isə eveşşəyinin bəxti təbii ki, daha çox gətirib. Çünki insanların sayəsində bunlardan korluq çəkmir. Bəlkə də bir gün birtəhər aclığa dözər. Amma ikinci gün eşşəkliyinə salıb məlahətli səsiylə ətrafdakıları ac olması barədə agah edəcək. Vəhşi eşşəklər isə bəzən yemək həsrətiylə bir neçə gün ac-acına axtarışda ola bilərlər.

Hər iki növün fərdləri sudan qənaətlə istifadə etməyi öyrəniblər. Elə ismətliyanə asta yerişləri də bununla bağlıdır. Vəhşi təbiətdəkilər acı və ya duzlu sudan da içib məmnun qala bildikləri halda, eveşşəyi bunu forsuna yaraşdırmır.

Evdəkilər insanların gün rejiminə tam öyrəşdikləri halda, təbiətdəkilər günün qızmar çağında kölgəlikdə şellənir, axşama yaxın isə yemək dalınca gedib sərin-sərin səhərəcən sülənirlər. Yemək demişkən, evdəkilər nə gəldi yeyə bilərlər. Mədələri hətta kiçik daşların da öhdəsindən gəlir. Təbiətdə yaşayanlar isə acından ölsələr də zir-zibilə, korlanmış ərzağa müştəri gözü ilə baxmazlar.

Yeri gəlməmişkən, Kleopatranın vaxtlarında eşşək südündən arıqlamaq üçün istifadə olunurdu. Həm də hesab edilirdi ki, onu başına çəkən gec qocalar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir