Muştuluğumu verin, ömrü boyu sizi narahat edən “Görəsən, dünyada ən iri taxta tikili hansıdır?” sualına bu gün nəhayət cavab tapacaqsız! Bu tikili Yaponiyanın Nara şəhərindəki Tōdai-ji məbədidir. Sakitləşdiz?

Bilirsiz neçə nəfər tikib onu? 2180000-cə nəfər. 743-cü ildə qollarını çırmələyib başlayıblar tikməyə. Əlüstü məbədin içində Budda Vayroçananın 14,98 metrlik bürünc heykəlini də ucaldıblar. 745-ci ildə məbədi, 751-ci ildə isə heykəli tikib təhvil veriblər.

Nə vacib düşmüşdüsə, ölkədə istehsal olunan bürüncün demək olar ki, hamısı bu heykəlin tikintisində istifadə olunmuşdu (437 ton). Fikirləşiblər ki, heykəl ancaq bürüncdən ibarət olmasın, düşər-düşməzliyi olar. 150 kq qızıl, 7 ton mum və bir neçə ton daş kömürünü də qatıblar heykəlin mayasına.

Zəlzələ və çoxsaylı yanğınlardan sonra bir neçə dəfə restavrasiya olunub həm məbəd, həm də heykəl. 1709-cu ildən bu yana zəlzələ zad üzünə həsrət qalıb məbəd, elə gördüyümüz müasir vidi o vaxtın yadigarıdır.

Buddanın ayrı-ayrı nahiyələrinin ölçüsünə gəlincə:
– üzü – 5,33 m;
– gözləri – 1,02 m;
– burnu – 0,5 m;
– qulaqları – 2,54 m.

Ümumi çəkisi isə 500-cə tondur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir