📷  Fotoları çəkdiyim məkan: Zənzibar adası (Tanzaniya)

🐳  Okean və dənizlərin səthi gün ərzində təqribən 2 dəfə qabarma və çəkilməyə məruz qalır. Özlüyündə çox maraqlı mənzərədir. Zənzibar adasına ilk dəfə gələndə baxırıq ki, okean sahilində qayıqlar torpağa pərçimlənmiş vəziyyətdə boynubükük qalıb, suyun özü də az qala gözdən itib. «Bəs biz harda çimişəcəyik?» sualına Afrikagörmüş dostumuz cavab verdi ki: «Çox tupoysuz. İndi okeanın çəkilmə saatlarıdır. Günorta görərsiz nələr olacaq». Günorta həqiqətən çox qısa müddət ərzində həmin o biçarə qayıqlar artıq qayıq olub qayıqlara qoşulmuşdu. Okeanın dalğaları da sahili sığallayırdı. Qabarma-çəkilmə Zənzibar adasının ən gözəgəlimli özəlliklərindəndir.

İnternetdə bu və ya digər yer üzrə qabarma-çəkilmə qrafikinə nəzər salsaq belə tam dəqiqliklə deyə bilmərik ki, filan yerdə nə vaxt qabarma olacaq, filan yerdə nə vaxt çəkilmə baş verəcək. Bu baxımdan eyni yer, eyni saatlarda müxtəlif cür ola bilər.

Qızmar günəş, ağappaq qum, firuzəyi okean – bunların hamısı gördüklərimizə daha bir şarm qatır.
Çəkilmə zamanı yerli əhali okeanın dibində ilişib qalmış balıqqulağı və molyusk axtarışına çıxır (fotolardakı kimi). Zarafat deyil, çəkilmə zamanı okeanın bir neçə kilometr ərazisi susuzlaşır. Bəzən açılan mənzərə görəndə elə bilirsən ki, hansısa başqa bir planetdəsən. Amma sağ olsun qabarma, gəlib hər şeyi yerbəyer edir. Ən maraqlısı da odur ki, bu proses hər gün baş verir.

Yeri gəlməmişkən, Kosta-Rikada (Mərkəzi Amerika) olanda daha qəribə qabarma-çəkilmənin şahidi olmuşdum. Okeanın suyu çəkilmə nəticəsində lap o qədim əfsanədəki kimi sağa və sola bölünmüşdü, ortada da böyük qumluq. Axşama yaxın bu iki hissə yenidən yavaş-yavaş birləşdi. Filim gibi yaani…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir