Quş dimdikli, kirpi iynəli, sürünənlər kimi yumurta qoyan, qarnında balasını gəzdirmək üçün müvəqqəti çanta yaradan, 50 ildən artıq ömür sürə bilən qısa dimdikli yexidna — kökləri dinozavrlar dövrünə gedib çıxan qədim monotrem nəslinin günümüzə çatmış yadıgarıdır. Uzun, yapışqan dili, ekskavator kimi qabaq ayaqları və qarışqa-termitə olan ülvi məhəbbəti ilə qarışqayeyəni də xatırladır. Amma qohum deyillər.
Yexidnanın burnu sadəcə burun deyil, orada zəif elektrik siqnallarını hiss edən elektroreseptorlar var. Qısa dimdikli yexidnada yüzlərlə belə reseptor ola bilər. Yəni torpaqdakı ovunu təkcə iy ilə yox, onun əzələlərinin yaratdığı çox zəif elektrik siqnallarının köməyi ilə də aşkarlaya bilir.
Bədən ölçüləri 30-55 sm-dək olur. Elə dişləri də olmur. Bütün məməlilər arasında ən soyuq qan sahibidirlər. Ağır zamanlarda sağa-sola enerji sərf etməmələri üçün bədən temperaturlarını +4 C dərəcəyədək endirir, hər 3 dəqiqədən bir 1 dəfə nəfəs alırlar. Qızınmaq üçün üzü üstə xalça kimi yerə sərələnib özlərini günə verirlər.

Avstraliya, Tasmaniya və Yeni Qvineyanın bəzi hissələrindəki meşə, kolluq, savanna, çəmənlik, yarımsəhra, səhra və s. daxil olmaqla çox müxtəlif ərazilərdə gözdən uzaq şəkildə yaşayırlar. Heç kimə dəyib dolaşmırlar. Hətta öz həmyexidnalarına da. Vəhşi heyvanlardan (dinqo itləri, vəhşi pişiklər, varanlar, tülkülər, tasman şeytanları) da qorunmaq üçün ya kirpi kimi yumaq şəklində qalırlar, ya da “batan gəmi” deyilən pozada: bədənlərini torpağa basdırıb hücum edənə yalnız iynəli bel hissələrini saxlayırlar. Yedikləri qarışqa, termit filan olur. Əla üzməkləri də var. İynə demişkən, iynələri insan dırnaqları və ya kərgədan buynuzunun materialındandır – keratindən.
Qış ayı gələndə bir dəstə erkək yexidna düşür dişinin dalınca. El içində buna “məhəbbət qatarı” da deyirlər. Bu cür “qatar” hətta 1 ay və daha çox müddət ərzində özünü naza qoymuş dişinin dalınca şütüyə bilər. Xanım yexidna rəhmə gələndə gedir uzanır ağacın altında, caynaqları ilə də pərçimlənir onun gövdəsinə. Erkəklər də başlayırlar bunun ətrafında hərlənə-hərlənə kənara torpaq qalaqlarını atmağa. Bu minvalla dişinin ətrafında 25 sm dərinliyində əməlli-başlı mini-səngər yaranır. Elə bu moment erkəklər arasında dişi uğrunda yüngülvarı turnir başlanır: bir-birilərini başları ilə astaca itələyib səngərin hüdudlarından kənara çıxarırlar. Qalib təzəbəy böyrü üstə səngərə sərələnib baxışları ilə “Di hı!” deyib dişini dəvət edir.

Bu boyda həngamədən sonra 3-4 həftə keçir və dişi artıq naz-qəmzəli qatar hərləyəndən çevrilir olur əliyumurtalı ana. Elə bircə yumurtayla çıxır el arasına. Yumurtanı da gillədir çantasına. 10 gündən sonra yumurtadan çıxan bala ilk 45 gündə çəkisini 500 dəfədən çox artıra bilər. Təxminən 50–60 gündən sonra iynələri çıxmağa başlayır, buna görə ana onu kisədən çıxarıb xüsusi yuvaya yerləşdirir. Kisədə qalma müddəti 2–3 ay olur.
45 gün çantada ana südü ilə qidalanır. Ana da bikar durmur. Balası üçün yuva qazır, hansında ki bala 7 ayınadək yaşayır. 5-10 gündən bir gəlib balasını yedizdirən ana 7 ay keçındən sonra gedir yenə qatar hərləməyə. Özü də yexidnada süd dəridəki xüsusi süd vəzilərindən ifraz olunur, bala onu tüklərdən, dərinin səthindən yalayır.
50 ilədək yaşaya bilərlər.
